Accessibility links

Aİ Putini münasibətləri yaxşılaşdırmaq üçün "pozucu davranışları" dayandırmağa çağırır


Avropa Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. O, danışıq zamanı blok və Rusiya arasındakı münasibətlərin "ən aşağı səviyyədə olduğunu" və "bu vəziyyətin daha da pisləşməsinin heç bir tərəfin marağında olmadığını" vurğulayıb.

Avropa ittifaqının 7 iyun açıqlamasında bildirilir ki, Mişel hələ may ayında Rusiya ilə danışıqlar apararaq, "Rusiyanın Aİ-yə üzv ölkələr və digərlərinə qarşı apardığı qanunsuz, təxribatçı və pozucu fəaliyyətlərini qınayır".

Twitterdəki postunda Mişel bildirib ki, münasibətlər yalnız o zaman yaxşılaşa bilər ki, "Rusiya pozucu davaranışlarını dayandırsın".

Kremlin eyni gündə yaydığı açıqlamada bildirilir ki, Putin də münasibətlərin “qənaətbəxş hesab edilə bilməyəcəyini” deyir.

Münasibətlər uzun illərdir, xüsusən də Moskvanın 2014-cü ildə Ukraynanın Krım bölgəsinin ilhaqından və Rusiyanın Şərqi Ukrayna bölgələrində Kiyevə qarşı müharibə aparan separatçı birləşmələrə hərbi, siyasi və iqtisadi dəstək verməsindən sonra gərginləşib.

2014-cü ildə Malaziyaya məxsus sərnişin təyyarəsinin vurulması və 2018-ci ildə Rusiyanın keçmiş kəşfiyyat zabitinin sinir maddəsi ilə zəhərlənməsindən sonra münasibətlərdə daha da böyük gərginlik yaranıb.

Digər tərəfdən, bu ilin əvvəlində Aİ üzvü olan Çexiya Rusiya kəşfiyyat agentlərini 2014-cü ildə ölkənin şərqindəki silah anbarında partlayış törətməkdə günahlandırıb.

Rusiya isə öz növbəsində bütün bu hadisələrdə iştirakını rədd edir.

Aİ ittifaqının açıqlamasında liderlərin həmçinin keçən ay Belarusda Ryanair sərnişin təyyarəsinin məcburi endirilməsi məsələsini də müzakirə etdiyi bildirilib.

Kremlin açıqlamasında bildirilir ki, Putin Aİ-nin bu hadisədən sonra Belarusa qarşı tətbiq etdiyi sanksiyaların "əks-təsir" yaradacağını bildirib.

Lakin Şarl Mişel Putini Belarus lideri Aleksandr Lukaşenkonu "siyasi məhbusları azadlığa buraxmağa, repressiyalar və şiddəti dayandırmağa, eləcə də əhatəli milli dialoqa" təşviq etməyə çağırıb.

Zəng zamanı Mişel Aİ-nin Ukraynanın "müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü” üçün "sarsılmaz dəstəyini" təkrarlayıb.

Lakin Rusiya tərəfinin açıqlamasında Ukraynadakı qarşıdurma "daxili böhran" kimi xarakterizə edilib.

Liderlər telefon danışığı zamanı həmçinin koronavirus pandemiyası, Azərbaycan və Ermənistan arasında gərginliyi də müzakirə edib.

XS
SM
MD
LG