Accessibility links

Putin Mariupolda qələbə əldə etdiyini elan edib


Mariupol Drama Teatrı. 4 aprel, 2022.
Mariupol Drama Teatrı. 4 aprel, 2022.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın mühasirədə olan liman şəhəri Mariupolun təxminən iki aylıq döyüşlərdən sonra “azad edildiyini” elan edib, baxmayaraq ki, Rusiya qüvvələri şəhərdə ukraynalı döyüşçülərin və mülki əhalinin əlində qalan nəhəng “Azovstal” polad zavoduna girə bilməyib.

Putin zavoda hücum etmək əvəzinə, Rusiya qüvvələrinin “milçəyin belə keçməməsi üçün” zavodu mühasirəyə almalarıını əmr edib. Müşahidəçilərin fikrincə, bu taktika Rusiya əsgərlərinin həyatını xilas edəcək və, ola bilsin ki, zavodda qalan Ukrayna döyüşçüləri və mülki əhalini ac buraxacaq.

Bu arada Ukrayna rəsmiləri Mariupolun ətrafında kütləvi məzarlıqların olduğuna dair dəlillərin ortaya çıxdığını bildirib. ABŞ-ın peyk görüntüləri şirkəti Maxar Technologies-in çəkdiyi foto-şəkillər Manhuş şəhərində azı 200 yeni qəbri əks etdirib.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Dünya Bankına ölkəsinin ayda 7 milyard dollar yardıma və Rusiyanın işğalından xilas olmaq üçün yüz milyardlarla dollarlıq vəsaitə ehtiyacının olduğunu deyib.

ABŞ prezidenti Co Bayden Kyiv qüvvələrinə ölkənin şərq bölgəsində gedən kritik döyüşlərdə Rusiya döyüşçülərini məğlub etməsi üçün yardımın gərək olduğunu və buna görə ABŞ-ın Ukraynaya növbəti 800 milyon dollarlıq hərbi yardımına icazə verdiyini bəyan edib.

"Bu paketə ağır artilleriya silahları, onlarla Haubitsa və 144 min patron daxildir" deyə, Bayden Ağ Evdə etdiyi qısa çıxışında bildirib. O, yeni göndərilən silahların xüsusilə Ukrayna qüvvələrinin Donbas bölgəsində döyüşməsinə yardım məqsədi daşıdığını bildirib.

Bayden deyib ki, keçən həftə elan edilmiş yardım paketinə əlavə 800 milyon dollarlıq yeni yardım Konqresin ABŞ-ın Ukraynaya hərbi yardım üçün icazə verdiyi məbləği “demək olar ki, aşıb." Lakin o, tezliklə Konqresdən Ukrayna qüvvələri üçün daha çox pul istəyəcəyini bildirib.

Bayden deyib ki, Birləşmiş Ştatlar və onun qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin səkkiz həftəlik işğalına qarşı mübarizədə Ukraynaya yardım etmək əzmində yekdildir.

Rusiyanın fevralın 24-də işğalından əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.

Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.

Martın 25-də Ukraynanın şimalındakı itkilərindən sonra Moskva strategiyasında böyük dəyişiklik etdi və Donbasda hərbi nailiyyətləri möhkəmləndirmək və Krıma qurudan körpü yaratmaq üçün paytaxt Kyivin ətrafı da daxil olmaqla, qüvvələrini şimaldan geri çəkdi.

Təhlilçilərin fikrincə Rusiya qüvvələri Donbasa tam nəzarəti ələ keçirsə, onların diplomatları sülh danışıqlarında regiona muxtariyyət tələb etmək üçün daha güclü mövqedə olacaq.

XS
SM
MD
LG