Accessibility links

Putin: Moldovada hakimiyyəti oliqarxlar qəsb edib


Rusiya Prezidenti Vladimir Putin Moldovanın rusiyapərəst prezidenti İqor Dodo-u dəstəkləməkdən əl çəkməyəcəyini deyir.

Hazırda Kişinyovda iki rəqib hökumət özünü legitim sayır.

Fevralda keçirilən parlament seçkisindən sonra hökumət formalaşdırılmadı. İyunun 7-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması, yeni seçkinin keçirilməsi barədə qərar çıxardı.

Moldova qanunvericiliyinə görə, hökumət seçkidən sonrakı üç ay ərzində formalaşdırılmalıdır.

İyunun 8-də Dodonun moskvapərəst Sosialist Partiyası Avropa Birliyi tərəfdarı kimi tanınan ACUM bloku ilə sürpriz razılaşma əldə etdi.

Parlamentdəki 101 yerdən 61-nin sahibi olan yeni alyans baş nazir Pavel Filipin hakim Demokratik Partiyasını (PDM) hakimiyyətdən uzaqlaşdırmaq istədiyini bildirdi. Filip sentyabrın 6-na seçki təyin edib

Alyans məhkəməni konstitusiyanı yanlış yozmaqda, seçkinin nəticələrini üç ay əvəzinə 90 gün sonra ləğv etməkdə günahlandırıb. Alyans həmçinin ACUM liderlərindən Maia Sandunun rəhbərliyi ilə yeni hökuməti təsdiqləyib.

Məhkəmə isə iyunun 9-da Sandu hökumətini qeyri-konstitusion elan edərək Sosialist Partiyasının keçmiş lideri Dodonu prezidentlikdən kənarlaşdırıb.

Aralıq dövr prezidenti kimi iş başına keçən Filip parlamenti dərhal buraxaraq sentyabrın 6-na növbədənkənar seçki təyin edib.

Demokratik Partiyanın rəhbəri ziddiyyətli maqnat Vladimir Plahotniucdur ki, bir çoxları onun ölkəni pərdəarxasında idarə etdiyini düşünür.

Sosialistlər və ACUM Konstitusiya Məhkəməsini Plahotniucun nəzarətində olmaqda ittiham edirlər.

İyunun 13-də Rusiyada dövlətin nəzarətində olan Mir TV-yə müsahibəsində Putin deyib ki, Kreml “prezident Dodon və onun bugünkü koalisiya tərəfdaşlarını dəstəkləməkdə davam edəcək”.

Putin “Moldovadakı hakimiyyətin oliqarx strukturları, oliqarxlar tərəfindən qəsb olunduğunu” deyib: “Başqa sözlə, onlar Moldova xalqının hesabına qazanıblar və bu puldan öz şəxsi sərvətlərini, dövlətə nəzarəti gücləndirməkdə istifadə ediblər”.

XS
SM
MD
LG