Rusiya prezidenti Qərbin kəşfiyyat xidmətlərinin Rusiyada seçkillər öncəsi vəziyyəti sabitsizləşdirməyə çalışdıqlarını deyib.
Federal Təhlükəsizlik Xidmətində çıxış edən Vladimir Putin bildirib ki, QHT-lər və siyasiləşmiş qruplar bu səylərə rəhbərlik edir.
Dövlət başçısı bu səbəbdən hökumətin QHT-lərin xaricdən maliyyələşdirildiyini monitorinq edəcəyini və hər hansısa qanun pozuntusuna yol verilməməsi üçün lazımi ölçülər götürəcəyini bildirib.
Putin ötən il kəşfiyyat xidmətinin 300-dən artıq casus və agentin aşkarlanmasına yardım etdiyini deyib. O, eyni zamanda hökumətinin konstruktiv tənqidlərə də açıq olduğunu deyib.
2012-ci ildə hakimiyyəti əleyhinə etiraz aksiyaları ilə üzləşən Putin siyasətlə məşğul olan QHT-lərin xarici agent kimi qeydiyyatdan keçməsi barədə qanun qəbul edib.
Rusiya prezidenti informasiya müharibəsi və xüsusi xidmətlər kimi müxtəlif vasitələrdən istifadə edilərək, Rusiyanın təcridinə çalışıldığını iddia edib.
Vladimir Putin NATO-nu Rusiya sərhədlərində infrastrukturunu gücləndirməkdə günahlandırıb.
Rusiyada parlament seçkiləri 2016-cı, Putinin 4-cü dəfə seçilməyə çalışacağı prezident seçkiləri isə 2018-ci ildə keçirilməlidir.