Rusiya bəyan edib ki, fevralın 27-dən başlayaraq Suriyada üsyançıların nəzarətində olan Şərqi Qutada gündəlik “humantiar fasilə” tətbiq ediləcək.
Müdafiə naziri Sergey Şoyqu fevralın 26-da deyib ki, prezident Vladimir Putin yerli vaxtla səhər saat 9-dan gündüz saat 2-dək əməliyyatların dayandırılması barədə əmr verib.
Şoyqu deyib ki, bu müddət ərzində Qutadakı mülki əhalinin çıxması üçün humanitar dəhliz açılacaq.
Bu bəyanata hələlik Suriya hökumətindən, üsyançılardan və ya BMT-dən heç bir reaksiya olmayıb.
BMT Təhlükəsizlik Şurası fevralın 24-də qəbul etdiyi qətnamədə bildirir ki, Suriyanın münaqişə bölgələrində humanitar yardımların çatdırılması və tibbi evakuasiyalar üçün “dərhal” 30 günlük atəşkəs bərqərar edilməlidir.
Bundan bir həftə əvvəl Suriya hökumət qüvvələrinin aramsız bombardmanı nəticəsində Dəməşqin mühasirədə olan ətrafında 540 nəfər həlak olub.