Accessibility links

Putin: Ukraynanın Rusiyanın Kursk bölgəsinə daxil olması təxribat taktikasıdır


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ukraynanın Kursk bölgəsinə daxil olmasının diqqəti Moskvanın Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumundan yayındırmaq və nəticədə müharibəyə son qoymaq yolundakı danışıqlarda daha yaxşı mövqeyi əldə etmək cəhdi olduğunu deyib.

Putin bildirib ki, Kyiv Rusiyanın cənub-qərbindəki Kursk bölgəsinə hücum edərək, ola bilsin ki, Rusiyada sabitliyi pozmağa çalışıb, lakin buna nail olmayıb. O, Rusiya ordusuna qoşulmaq üçün könüllülərin sayının artdığını bildirib və Rusiyanın hərbi məqsədlərinə çatacağına söz verib.

Putin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri və vilayət qubernatorları ilə televiziya görüşü zamanı "Düşmənin sərhədimizə yerləşdirdiyi döyüşə bilən qüvvələr də olmaqla, Ukrayna silahlı qüvvələrinə verdiyi itkilər kəskin şəkildə artır" deyib.

"Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və şübhəsiz ki, qarşımızda duran bütün məqsədlərə nail olunacaq" - deyə, Putin bildirib.

Rusiyanın böyük bir hissəsi Moskvanın Ukraynaya 2,5 illik hərbi müdaxiləsinin birbaşa nəticələrindən böyük ölçüdə uzaqlaşdırılsa da, bazar ertəsi Rusiya rəsmiləri bölgədəki "çox gərgin vəziyyət" səbəbindən Kursk vilayətindən daha çox sakinin təxliyə edilməsinə çağırıb. Rusiya qüvvələri demək olar ki, bir həftə davam edən gərgin döyüşlərdən sonra Ukraynanın sürpriz hücumuna hələ də cavab verməyə çalışır.

Rusiyanın fövqəladə hallar orqanları avqustun 6-da Ukrayna qoşunlarının və zirehli maşınlarının Rusiyanın 30 kilometr dərinliyinə girdiyini bildirildikdən sonra 100 mindən çox insanın evlərini tərk etdiyini bildirib. Bu, İkinci Dünya Müharibəsindən bəri Rusiya ərazisinə edilən ən böyük hücum olub.

Kurska bitişik Belqorod vilayətinin qubernatoru da təfərrüata varmadan bazar ertəsinin səhərinin "narahatedici" olduğunu, Ukrayna sərhədinə yaxın bir rayondan insanların təxliyə edildiyini bəyan edib.

Sürətlə hücuma başlayan Ukrayna qüvvələri sərhəddən təxminən 10 kilometr məsafədə yerləşən Sudja şəhərinə daxil olub. Məlumata görə, onlar mühüm təbii qaz tranzit stansiyasının olduğu şəhərin qərb hissəsini əllərində saxlamaqda davam edir.

Ukrayna əməliyyatı ciddi məxfilik şəraitində keçirilir və onun məqsədinin Kyiv qüvvələrinin əraziləri tutmaq və ya reydlər təşkil etmək olduğu qaranlıq qalır. Kyiv hökuməti, o cümlədən prezident Volodimir Zelenski hücumla bağlı çox az danışıb.

Forum

XS
SM
MD
LG