Accessibility links

Putin Vyetnama səfəri zamanı iki ölkə əlaqələrinin gücləndiriləcəyinə söz verib


Rusiya Prezidenti Vladimir Putin və Vyetnamın baş naziri Fam Min Çinh
Rusiya Prezidenti Vladimir Putin və Vyetnamın baş naziri Fam Min Çinh

Rusiya və Vyetnam cümə axşamı prezident Vladimir Putinin Moskvanın Ukraynadakı müharibə ilə bağlı artan təcridinə qarşı çıxmaq üçün müttəfiqliklərini gücləndirmək məqsədi ilə əlaqələri dərinləşdirməyə söz verib.

Şimali Koreya lideri Kim Çen Undan Ukrayna məsələsində "tam dəstək" vədini qazandığı və qarşılıqlı müdafiə paktı imzaladığı zirvə görüşündən sonra Prezident Putin Soyuq Müharibə dövründən bəri Moskvanın yaxın müttəfiqi olan Vyetnama gedib.

Rusiya lideri Hanoyda belə bir açıq dəstək bəyanatı almasa da, Vyetnam Prezidenti To Lam müdafiə sahəsində əməkdaşlığı artırmaq istəyini bildirib.

Lam Putinlə danışıqlardan sonra jurnalistlərə "Hər iki tərəf regionda və dünyada sülh və təhlükəsizlik naminə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək, qeyri-ənənəvi təhlükəsizlik çağırışlarını beynəlxalq hüquq normaları əsasında həll etmək istəyir" deyib.

Moskva onilliklər ərzində Vyetnamın əsas silah tədarükçüsü olub və 1995-2023-cü illər arasında idxalın 80 faizindən çoxunu təşkil edib. Lakin son illərdə sifarişlər Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq sanksiyaların güclənməsi səbəbindən azalıb.

Lam və Putin təhsildən ədliyyəyə və mülki nüvə layihələrinə qədər onlarla əməkdaşlıq sazişi imzalayıb.

Putin jurnalistlərə danışıqların konstruktiv keçdiyini və hər iki tərəfin əsas beynəlxalq məsələlərdə "eyni və ya çox yaxın" mövqelərə malik olduğunu deyib.

Onun sözlərinə görə, onlar "Asiya-Sakit okean regionunda gücə əl atmamaq və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək prinsiplərinə əsaslanan adekvat və etibarlı təhlükəsizlik arxitekturasının" yaradılmasını müzakirə edib.

Putinin Asiya turu Qərb güclərinin Rusiyanın Ukraynadakı müharibəsinin qarşısını almaq üçün sanksiyaları gücləndirdiyi vaxta təsadüf edib.

Birləşmiş Ştatlar, Britaniya və Avropa İttifaqı keçən həftə yeni sanksiyalar elan edib. G7 isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Kyivə 50 milyard dollarlıq yeni kredit verilməsinə razılıq verib.

Forum

XS
SM
MD
LG