Şimali Koreya ABŞ-ın götürəcəyi ölçülər və ya yeni sanksiyaların tətbiqinə güclü cavab verəcəyi ilə hədələyərək, Vaşinqtonu müharibə istəməkdə günahlandırıb.
Pxenyan Rusiyanın Uzaq Şərqində keçirilən iqtisadi foruma nümayəndə heyəti ilə bəyanat ünvanlayıb.
Daha əvvəl ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Şimali Koreyanın neft idxalına embarqo qoyulması və tekstil idxalının yasaqlanması, habelə əməkçilərin xaricdə işə qəbulunun qadağan edilməsi təklifi ilə çıxış edib. Təklifdə ölkə lideri Kim Jonq Unun hesablarının dondurulması ilə yanaşı, onun səyahət etməsinin yasaqlanması da irəli sürülüb.
Bu qətnamə layihəsinin qüvvəyə minməsi üçün ona Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səs verməsi və daimi üzvlərdən (ABŞ, Britaniya, Fransa, Rusiya və Çin) heç birinin veto qoymaması lazımdır.
Bəyanatda Şimali Koreya və Yaponiya Rusiyada keçirilən forumda çirkli siyasət yürütməkdə günahlandırılıb. Bildirilib ki, forum Şimali Koreyanın nüvə sınağının pislənməsi deyil, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün keçirilir.
Forumda iştirak edən Rusiya prezidenti Vladimir Putin deyib ki, Şimali Koreya böhranı nüvə silahlarından istifadə edilə biləcək qədər genişmiqyaslı münaqişəyə səbəb olmayacaq. O, sağlam düşüncənin qələbə çalacağını bildirib.