Accessibility links

Dünyada qaçqınların sayı rekord həddə çatıb - 46,3 milyon


Cenevrədə qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı konfrans keçirilir
Cenevrədə qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı konfrans keçirilir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) dünyada qaçqınları sayı ilə bağlı hesabat yayıb. Sənədə görə, 2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb. Bu barəbə BMT QAK-in Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Hesabata deyilir ki, Orta Şərqi, Afrikanı, həmçinin digər yerləri bürüyən müharibə səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təxminən 5,5 milyon insan didərgin salınəb ki, bu da zorla didərgin salınanların sayının daha da yüksəlməsindən xəbər verir.

"2014-cü il üzrə yarım illik tendensiyalara dair" BMT QAK-ın hesabatı göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olmuş, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevrilmişlər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların (hesabatda "aidiyyəti olan şəxslər " kimi istinad olunmuşdur) sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatmışdır ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və yeni rekord göstəricidir.

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, BMT QAK-ın mandatı altında olan qaçqın insanlar arasında suriyalılar ilk dəfə olaraq üç onillikdən də artıq müddət ərzində çoxluqda olmuş əfqanları sayca haqlayaraq daha böyük çoxluq təşkil edirlər (Orta Şərqdəki fələstinlilər BMT-nin digər qurumu - Fələstin qaçqınlarına yardım və onlarla iş üzrə BMT Agentliyinin (UNRWA) himayəsi altındadırlar). 2014-cü ilin iyununadək olan məlumatlara əsasən 3 milyondan artıq suriyalı qaçqın bütün dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.

Sayca ikinci yerə enmələrinə baxmayaraq, bütün dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddət ərzində BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır (bu agentlik ən azı beş il davam edən qaçqınlıq durumunu "uzunmüddətli qaçqınlıq vəziyyəti" hesab edir). Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanmar (480,000) və İraq (426,000) ön yerlərdədirlər.

1,6 milyon əfqanıstanlı qaçqını qəbul etmiş Pakistan mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982,000), Türkiyə (824,000), İordaniya (737,000), Efiopiya (588,000), Keniya (537,000) və Çaddır (455,000).

BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya ölkə iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə qaçqınları qəbul etmiş ölkələrin bu kontekstdə töhfələri diqqətə çatdırılır. Belə ki, əhalisinin sayına nisbətdə Livan və İordaniya ən çox sayda qaçqın qəbul etmişlər. Ölkənin iqtisadi imkanları baxımından isə ən böyük yük Efiopiya və Pakistanın üzərinə düşür.

Ümumiyyətlə, BMT QAK-ın mandatı altında olan qaçqınların sayı yarımillik ərzində 13 milyona çatmışdır ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir. Agentliyin himayə etdiyi və ya yardım göstərdiyi məcburi köçkünlərin ümumi sayı isə 26 milyona çatmışdır ki, bu da ən yüksək rəqəmdir. BMT QAK yalnız ölkə hökumətlərinin onun müdaxiləsi üçün müraciət etdiyi ölkələrdə məcburi köçkünlərə yardım göstərdiyinə görə bu rəqəm bütün dünyadakı məcburi köçkünlərin sayını əhatə etmir.

"2014-cü ildə biz himayəmiz altında olan insanların sayının misli görünməyən dərəcədə artdığını gördük. Beynəlxalq birlik mövcud münaqişələrin siyasi həll yollarını tapmağı və yeni münaqişələrin başlanmasının qarşısını almağı bacarmadıqca biz dramatik humanitar nəticələrlə üzləşməkdə davam edəcəyik", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirmişdir.

"Qaçqınlara və məcburi köçkünlərə maddi, sosial və insani qayğı göstərilməsinin yükü əsas etibarı ilə yoxsul icmaların, yəni bunun üçün ən az imkanı olanların üzərinə düşür. Biz əlverişsiz vəziyyətdə olan insanların getdikdə daha çox qisminin zəruri yardımdan kənar qalması riskindən yayınmaq istəyiriksə, o halda beynəlxalq səviyyədə geniş həmrəylik olmalıdır".

Hesabatda gəlinən digər bir qənaət ondan ibarətdir ki, qaçqın əhalinin regional bölgüsündə dəyişiklik baş vermişdir. Son ilə qədər ən çox qaçqın əhalini qəbul edən region Asiya və Sakit Okean ölkələri idi. Suriyadakı böhran nəticəsində indi Orta Şərq və Afrika ən çox qaçqın əhalini qəbul edən yeni regionlara çevrilmişlər.

"2014-cü il üzrə yarım illik tendensiyalara dair" BMT QAK-ın hesabatı onun hökumətlərdən və dünya ölkələrindəki ofislərindən aldığı məlumatlar əsasında hazırlanmışdır. Hazırkı məqamda BMT QAK-ın əlində olan məlumatlar tam olmadığına görə onlar bütün dünyada məcburi köçkünlərin ümumi sayını tam əks etdirmir (əvəzində BMT QAK-ın hər ilin iyununda təqdim etdiyi "Qlobal tendensiyalara dair" illik hesabatında yer alan tam rəqəmlər göstərir ki, 2013-cü ilin sonunda dünyada 51,2 milyon insan məcburi köçkün olmuşdur). Bununla belə, hesabatda təqdim edilən məlumatlar bütün dünyada qaçqınlıq və məcburi köçkünlüklə bağlı tendensiyaların ümumi mənzərəsinin başlıca komponentini və mühüm göstəricisini təşkil edir.

XS
SM
MD
LG