Accessibility links

Hüquqşünaslar təmsilçilik institutu ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliyi dəstəkləmir


Bir qrup hüquqşünas qanunvericiliyə vətəndaşların hüquqlarının müdafiəsində təmsilçilik institutu ilə bağlı nəzərdə tutulan dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirib. Oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq bu dəyişikliklər Mülki-Prosessual, İnzibati-Prosessual Məcəllələrə, həmçinin “Vəkillər və Vəkillik Fəaliyyəti haqqında” qanuna şamil ediləcək.

Qanunvericilik təşəbbüsü Ali Məhkəməyə aiddir.

Qanun layihəsinin mətni dərc edilməyib. Amma hüquqşünaslarda olan məlumata görə, qanun layihəsinə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların fiziki şəxsləri məhkəmə orqanlarında təmsil etmək hüququ məhdudlaşdırılacaq. Hüquqşünaslar bu dəyişikliklərlə razı deyillər.

Ramil Süleymanov
Ramil Süleymanov

Hüquqşünas Ramil Süleymanov on milyon əhalisi olan ölkədə Vəkillər Kollegiyasının cəmi 936 üzvü olması barədə statistikanı diqqətə çatdırıb.

"Belə çıxır ki, hər 11 100 nəfərə cəmi bir vəkil düşür. Vəkillər Kollegiyasının 936 üzvündən 100-ə yaxını vəkil kimi işləmir. Onların bəziləri bizneslə məşğul olur, bəziləri isə dövlət qurumlarında təmsil olunur və vəkillik fəaliyyəti ilə məşğul ola bilmir. Qalan 836 nəfərin təxminən 700-ü Bakıda işləyir. Belə çıxır ki, ölkənin regionlarına cəmi 150-yə yaxın vəkil düşür və region sakinləri əsasən nümayəndələr hesabına hüquqi yardım alır", Süleymanov bildirib.

Məsələn, qonşu Gürcüstanda dörd milyon sakinə təxminən 5 min vəkil düşür. Qeyd etmək lazımdır ki, Vəkillər Kollegiyasına üzvlük üçün qeydə alınan namizədlərin sayı cəmi 1019 nəfərdir. Bütün bu namizədlərin imtahansız Kollegiyaya qəbul edildiyini düşünsək belə, vəkil çatışmazlığı problemi həll olunmaz.

Hüquqşünas əlavə edib ki, hakimiyyət bu cür dəyişikliklər edərkən beynəlxalq təcrübəyə görə mülki və inzibati işlərlə yalnız vəkillər kollegiyalarının məşğul olmasına və bunun keyfiyyətli hüquqi yardıma zəmanət verməsinə əsaslanır.

"Xarici ölkələrdə həm vəkillər, həm də təmsilçi-hüquqşünaslar işlərdə iştirak edir. Məsələn, ABŞ-da bütün mülki işlərin 27%-ni, pensiyalarla bağlı işlərin 92%-ni nümayəndələr aparır. Dünya təcrübəsində yalnız Vəkillər Kollegiyası üzvlərindən hüquqi yardım anlayışı yoxdur.

Xalid Bağırov
Xalid Bağırov

Hüquqşünas Xalid Bağırov bildirib ki, hakimiyyət özünə sual verməlidir: hüquqi yardım göstərilməsi təyin edilən institutdur?

"Ölkədə vəkillik institutu səmərəsiz olduğuna görə, zamanla təmsilçilik institutu hüquqi yardım göstərilməsi institutuna çevrilib. İndi hakimiyyət deyir ki, keyfiyyətsiz hüquqi xidmətlər göstərildiyinə görə təmsilçilik institutu ləğv olunmalıdır. Bu, absurddur. Hakimiyyət hüquqi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq istəyirsə, vəkilliyi yaxşılaşdırmalıdır. İl ərzində ölkədə yalnız 13 min cinayət işinə baxılıb. Dəyişikliklər qəbul edilsə, 13 min cinayət işinin öhdəsindən gələ bilməyən vəkillər 150 min işlə - cinayət işi, mülki iş, inzibati işlə məşğul olmaq məcburiyyətində qalacaq. Bu, ölkənin hüquq sisteminin iflic vəziyyətinə düşməsinə gətirib çıxaracaq", ekspert bildirib.

Bağırov vətəndaşların dövlət tərəfindən hüquqi müdafiəsinin zəif olduğunu qeyd edib.

"Bu gün dövlət hər bir vətəndaşa hüquqi yardım üçün 5 sent ayırır. Qonşu Türkiyədə bu rəqəm 1 avro müəyyən edilib. Hüquqi yardımın keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, məbləği artırın. Heç bir vəkil saatı 2 manata vətəndaşı müdafiə etməz", X.Bağırov qeyd edib.

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

Hüquqşünas Fərhad Mehdiyevin fikrincə, təmsilçilik institutu ləğv edilsə, vəkillərinin sayının az olduğu bir şəraitdə onlar işlərə selektiv yanaşmağa başlayacaq. Onlar yaxşı gəlir gətirən işləri seçəcəklər, aztəminatlı əhali isə məhkəməyə müraciət edə bilməyəcək. Bu halda Avropa Konvensiyasının əsas tezisi məhkəmələrin hər bir vətəndaş üçün əlçatan olmasından ibarət olan 6-cı maddəsi pozulur. Çox vaxt təmsilçilər pulsuz hüquqi yardım göstərir, düzəlişlər qəbul edilsə, bu, mümkün olmayacaq.

Bununla birlikdə, o qeyd edib ki, təmsilçiliklə diplomlu hüquqşünaslar məşğul olmalıdır.

Səməd Rəhimli
Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimli qeyd edib ki, hakimiyyətin həyata keçirdiyi islahatlar nəticəsində hüquqi sahədə reqress müşahidə olunur.

Bu zaman o, bir çox təcrübə keçən hüquqşünasların Kollegiyadan kənar təmsilçilik institutu vasitəsilə fəaliyyətə başladığına diqqət çəkib. "Bir çox hüquqşünaslar müstəqil mövqelərinə görə Kollegiyadan kənarda qalıblar. Azərbaycanda vəkillərin ən böyük problemi odur ki, onlara qarşı Kollegiyaya şikayət verib, onları vəkillik təcrübəsindən kənarlaşdıra bilərlər. Kollegiya müstəqil orqan olmadığına görə baxışları dövlət orqanlarının fikri ilə ziddiyyət təşkil edən vəkilləri Kollegiyadan - vəkillərin hüquqlarını müdafiə etməli olan orqandan çıxarmaqla qorxutmağa başlayırlar", Rəhimli bildirib.

Hüquqşünasın fikrincə, qanunvericiliyə dəyişikliklər hüquqi yardımın səmərəliliyinin zəifləməsinə gətirib çıxaracaq.

"Bütün işlər vəkillərə veriləcək, dövlət orqanları isə onları asanlıqla neytrallaşdıra biləcək", ekspert bildirib.

Bundan başqa, təmsilçilik institutunun ləğvi vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək imkanlarını məhdudlaşdıracaq, ekspert bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG