Accessibility links

Quba-Xınalıq yolunda qar uçqunu olub


Quba Xınalıq yolunda qar uçqunu
Quba Xınalıq yolunda qar uçqunu

Fevralın 19-da gecə Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağması səbəbindən qar uçqunları baş verib. Quba-Xınalıq yolu bağlanıb.

Yerli medianın yazdığı məlumatlara görə, həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.

Qar uçqunu Quba-Xınalıq (Bakıdan 200 kilometr şimal) yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır.

Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.

Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb.

"Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Xınalıqda isə 43 santimetr təşkil edib", Milli Hidrometeorologiya Departamenti bildirib.

XS
SM
MD
LG