Accessibility links

Qətər zəlzələdən zərər çəkənlərə Dünya Kuboku üçün inşa edilən 10 min səyyar ev bağışlayır


Rəsmilərin bildirdiyinə görə, Qətər Türkiyədə zəlzələlərdən sağ çıxanları sığınacaqla təmin etmək üçün keçənilki dünya çempionatında inşa etdiyi 10 min mobil ev göndərməyi planlaşdırır.

Qazla zəngin olan Körfəz ölkəsi səyyar evləri bağışlamağı həmişə planlaşdırdığını bildirib. Bu səyyar evlər böyük futbol yarışları zamanı kiçik ölkəyə gələn 1,4 milyon azarkeşin bir qismini yerləşdirmək lazım idi.

"Qətər İnkişaf Fondu" 350 tikilidən ibarət ilkin partiyanın bazar günü göndərildiyini bildirib.

Fevralın 6-da 9 saat fərqi ilə Türkiyənin cənub-şərqində və müharibənin davam etdiyi Suriyanın şimalında 7,8 və 7,5 bal gücündə zəlzələlər 35 mindən çox insanın ölümünə səbəb olub. Axtarış-xilasetmə qruplarının daha çox cəsəd tapması ilə ölənlərin sayının daha da artacağı gözlənilir.

Zəlzələlər zamanı on minlərlə binanın dağıdılması və ya ciddi şəkildə zədələnməsi səbəbindən milyonlarla insan evsiz qalıb. Zəlzələdən sonrakı günlər sığınacaqlar dolduqca, bir çoxları yağışlı, şaxtalı havada küçələrdə yatmağa məcbur olub.

Qətər və digər zəngin Körfəz ölkələri zərər çəkmiş bölgəyə xilasedicilər və yardım göndərən qlobal səylərə qoşulub. Birləşmiş Ərəb Əmirlikləri 100 milyon dollar yardım vəd edib. Səudiyyə Ərəbistanı Türkiyə və Suriyaya yüklə dolu səkkiz təyyarə göndərib.

Səudiyyə Ərəbistanına məxsus səkkizinci təyyarə çərşənbə axşamı Suriyanın şimalında hökumətin nəzarətində olan Hələb şəhərinə eniş edib.

Səudiyyə Ərəbistanı Suriyada vətəndaş müharibəsinin qızğın çağında müxalifətə güclü dəstək verib və digər ərəb ölkələrindən fərqli olaraq, prezident Bəşər Əsədlə hər hansı yaxınlaşmaya az maraq göstərib.

XS
SM
MD
LG