Accessibility links

Qəzzada minlərlə insan Həmasdan narazılığını nümayiş etdirib


Bazar günü minlərlə insan Qəzza Zolağı boyu küçələrə çıxaraq, elektrik enerjisinin xroniki kəsilməsinə və çətin həyat şəraitinə etiraz etmək üçün Həmas hökumətinə qarşı nadir ictimai narazılıq nümayiş etdirib. Həmas təhlükəsizlik qüvvələri toplaşanları tez dağıdıb.

Qəzza şəhərinin cənubundakı Xan Yunis qəsəbəsində və digər yerlərdə yürüşlər polisin müdaxilə etməsindən əvvəl "Biabırçılıq" şüarları və hətta bir yerdə Həmas bayraqlarının yandırılması ilə keçirilib.

Polis Xan Yunisdə çəkiliş aparan şəxslərin mobil telefonlarını məhv edib. Şahidlər isə bir neçə həbsin olduğunu bildirib. Həmasın onlarla gənc tərəfdarı və əleyhdarı qısa müddət ərzində qarşı-qarşıya gələrək, bir-birlərinə daş atıb.

Nümayişlər "alvirus alsaxer" və ya "istehzalı virus" adlı kütləvi onlayn hərəkatı tərəfindən təşkil edilib. Hərəkatın arxasında kimlərin olduğu məlum deyil.

Silahlı İslamçı qrup Qəzzaya nəzarəti 2007-ci ildə, Fələstin prezidenti Mahmud Abbas qüvvələrindən alaraq ələ keçirib. Bu isə İsrail və Misiri bu əraziyə sarsıdıcı blokada tətbiq etməyə vadar edib. İsrailin dediyinə görə, blokada İsrailin mövcudluğunu tanımayan Həmasın hərbi potensialını gücləndirməsinin qarşısını almaq üçündür.

Blokada Qəzzanın iqtisadiyyatını məhv edib, işsizliyin sürətlə artmasına və elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub. Hazırkı istilər və tələbatın yüksəkliyi səbəbindən hər gün sakinlər cəmi 4-6 saat elektrik enerjisi ilə təmin edilir.

XS
SM
MD
LG