Accessibility links

Əhmədinejadın karikaturasını dərc edən qəzet bağlanıb


İran prezidenti Mahmud Əhmədinejadın karikaturası
İran prezidenti Mahmud Əhmədinejadın karikaturası

Qəzetin redaksiya heyəti təzyiqlər nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bildirib

İran prezidenti Mahmud Əhmədinejadın karikaturasını dərc edən “Məğrib” qəzetinin yayımı dayandırılıb. Noyabrın 23-də çıxan, “Sorğu-suala xitam” başlıqlı karikaturada Əhmədinejad gülə-gülə, bir kağızı cırarkən təsvir edilir. Bu, prezidentin İran deputatlarının iradəsinə qalib gəlməsinə işarədir.

Noyabrın 4-də İran parlamentinə prezidentin dindirilməsi ilə bağlı layihə təqdim edilib. Layihəni 77 deputat imzalayıb. Onlar Əhmədinejadın parlamentdə valyuta böhranı və digər iqtisadi problemlərlə bağlı suallara cavab verməsini istəyib. İranın dini lideri ayətullah Əli Xamneyi noyabrın 21-də İran parlamentinin deputatlarından prezident Mahmud Əhmədinejadın dindirilməsi prosesini dayandırmalarını istəyib. Həmin gün deputatlar prezidentin parlamentdə dindirilməsi layihəsini geri götürüb.

“Media forum” saytının məlumatına görə, Əhmədinejadın karikaturasının dərc olunması İslami İrşad və Mədəniyyət Nazirliyinin etirazı ilə qarşılanıb. Nazirliyin rəsmisi Pedram Pakayin jurnalistlərə açıqlamasında “Məğrib” qəzetini mətbuat haqda qanunu pozmaqda və ölkənin milli mənafeyinə qarşı çıxmaqda günahlandırıb.

Qəzetin redaksiya heyəti noyabrın 26-da bəyanat yayaraq təzyiqlər nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bildirib.
XS
SM
MD
LG