Accessibility links

Qərbi-Çıraq Platforması dənizə yola salınır


Qərbi-Çıraq Platforması
Qərbi-Çıraq Platforması

Prezident nəhəng obyektin yerləşdiyi ərazidə olub. "Qərbi Çıraq" platformasının üst modullarının çəkisi 18 500, dayaq bloku isə 18 200 tondur. Xəzər dənizində quraşdırılan ən ağır konstruksiyadır

İyulun 23-də prezident İlham Əliyev Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa edilən "Qərbi Çıraq" platformasının üst modullarının yerləşdiyi Bibiheybət ərazisindəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsində olub. Bu barədə prezidentin rəsmi saytı məlumat verib.

"BP-Azerbaijan" şirkətinin məlumatına görə, Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının işlənməsi üzrə operator olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, üst modulların tikintisinə 2010-cu ilin iyulunda başlanıb, indi isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır.
Quruda aparılan istismar sınaqları başa çatdıqdan sonra bu ilin avqustunda üst modullar dənizə yola salınacaq. Bundan əvvəl isə "Qərbi Çıraq" platformasının 18 200 ton ağırlığında olan dayaq bloku uğurla və təhlükəsiz şəkildə dənizə aparılaraq quraşdırılıb.

Prezident Əliyev obyektin alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına, 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxıb.

"Qərbi Çıraq" platformasının üst modullarının çəkisi 18 500 tondur və Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə ATA tikinti-quraşdırma sahəsində ölkə daxilində inşa edilib. Tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4 000 nəfər insan cəlb edilib, bunun da 90%-ə qədəri yerli işçilər olub.

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün planlaşdırılıb, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyuların qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağı laylarının neft verməsini optimallaşdırmağa xidmət edəcək.

Yeni platformanın layihə gücü gündəlik 183 000 barel neft və 229 milyon standart kub futqaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var.

AÇG-də iştirak payları: BP (operator – 35,78%), SOCAR (11,65%), Chevron (11,27%), İNPEX (10,96%), Statoil (8,56%), ExxonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videsh Limited (OVL) (2,72%).
XS
SM
MD
LG