ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası yanvarın 26-da Azərbaycan Demokratik Respublikasının (ADR) yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.
Sənəd Nümayəndələr Palatasının plenar iclasında yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib.
Qətnamədə, yüz il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın bu ölkəni tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.
Qətnamədə həmçinin Azərbaycanın ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.