Accessibility links

Beynəlxalq və yerli QHT-lərin əməkdaşlığı genişləndirilməlidir


Qeyri Hökumət Təşkilatlarının forumu
Qeyri Hökumət Təşkilatlarının forumu

Forumda əməkdaşlıq perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatların hesabatları qərəzli qiymətləndirilib və əməkdaşlıq təklif olunub

Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür. Bu gün Qeyri Hökumət Təşkilatları Alyansının “Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi” mövzusunda keçirdiyi forumdakı çıxışlarda əsas vurğu belə olub. Forumda çoxsaylı yerli beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin səfiri iştirak edib.

Son zamanlar QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq və yerli QHT-lər tərəfindən tənqid olunub. Ümumi fikir belədir ki, yeni dəyişiklik yerli və beynəlxalq QHT-lərin fəaliyyətinə maneələr yaradır.

Qanunvericiliyə dəyişikliklərin tənqidindən sonra bu mövzuya müraciət maraq doğurur.

Qeyri Hökumət Təşkilatlarının forumu
Qeyri Hökumət Təşkilatlarının forumu
“Beynəlxalq QHT-lərlə əməkdaşlıq aktualdır. Azərbaycan QHT-ləri belə əməkdaşlığı edir. Amma potensialı artırmaq imkanları çoxdur”, Prezident yanın QHT-lərə Dövlət Dəstəyi Fondunun sədri Azay Quliyev qeyd edib.

Onun fikrincə, Azərbaycan Avropaya inteqrasiyaya xüsusi önəm verir. Amma beynəlxalq əməkdaşlıq səmimi dəyərlərə əsaslanmalıdır.

“Elə beynəlxalq qurumlar var ki, hesabatları qərəzlidir. Məsələn, “Freedom House” təşkilatı hesabatlarında Azərbaycana qarşı qərəzlidir”, - qeyd edib. A.Quliyev təşkilatın hesabatlarından misallar çəkərək Azərbaycan və Ermənistanla bağlı paralellər aparıb.

“Ermənistanda prezidentliyə namizəd güllələndi. Azərbaycanda belə hadisə baş versə idi, beynəlxalq təşkilatlar onlarla bəyanat verərdi”, - Quliyev bildirib.

Azərbaycan Cənubi Qafqazda əhalisinin sayına görə, ən az QHT dövlət qeydiyyatına alınmış dövlətdir.

“Azərbaycanda 3800 QHT Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Son ildə isə 172 QHT dövlət qeydiyyatından keçib. Bu rəqəm Gürcüstanda 10 min, Ermənistanda isə 3 mindir”, “region Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev bildirib.

Onun fikrincə, Azərbaycan QHT-lərin beynəlxalq əməkdaşlığı zəifdir. “Ölkədə 500-600 aktiv fəaliyyətdə olan QHT var. Onların da çox az hissəsi beynəlxalq tərəfdaşlarla işləyir”.

R.Nurullayev hesab edir ki, beynəlxalq QHT-lər Azərbaycan QHT-ləri ilkə birgə qrant layihələrinin sayını artırmalıdır. “Beynəlxalq QHT-lər hesab edir ki, Azərbaycanda neft gəlirləri var və QHT sektorunun inkişafına təkan verəcək. Amma bu belə deyil. Xüsusilə regionlarda QHT sektorunun inkişafı çox vacibdir”.

Digər məruzələrdə Mərakeş Krallığının QHT təcrübəsi, Azərbaycanın demokratiya və insan hüquqları sahəsində götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsində QHT-lərin rolu, QHT-lərin iqtidaryönlü və müxalifətyönlü kateqoriyalara bölünməsinin beynəlxalq təşkilatlarla hakimiyyət arasında yaratdığı problemlər və başqa mövzulardan bəhs edib.

Azərbaycan QHT-ləri beynəlxalq təhdidlərin fonunda beynəlxalq QHT-lərlə əməkdaşlığı genişləndirməlidir.

“2013-cü il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Artıq seçkilərlə bağlı təhdidlər hiss edilir. Azərbaycan neft-qaz ölkəsidir və Transanadolu kəməri vasitəsi ilə bazara çıxmaq istəyir. Bu baxımdan təhdidlər var. Azərbaycan QHT-ləri Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini müdafiə etməlidir”, - deputat Vahid Əhmədov bildirib.

Forum iştirakçıları qərara gəliblər ki, mərhələli şəkildə konkret mövzular üzrə beynəlxalq təşkilatlar, dövlət qurumları və yerli QHT-lər arasında forumlar, görüşlər keçirilsin, beynəlxalq və yerli QHT-lərin əməkdaşlığının genişləndirilməsi üçün praktik addımlar atılsın, beynəlxalq təşkilatlarla hakimiyyət orqanlarının birbaşa dialoq qurmasına, öhdəliklərin yerinə yetirilməsi, qaldırılan problemlərin dialoq yolu ilə həllinə nail olunsun.

QHT Əməkdaşlıq Alyansı 54 yerli QHT-ni birləşdirir.
XS
SM
MD
LG