Accessibility links

Azərbaycanda qrant və ianələri gizlədənlər cərimələnəcək


Milli Məclis
Milli Məclis

Qrant və ianə alınması haqqında müqavilələrin və qərarların surətləri qeydiyyat üçün icra hakimiyyəti orqanına təqdim edilməlidir

Azərbaycanda qrant və ianələri qeyri-rəsmi almağa görə cərimələr müəyyənləşib.

Trend agentliyinin məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Məcəllənin 223-cü maddəsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar.

Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər isə 8000 manatdan 15 min manatadək miqdarda cərimə edilir.

Bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər də ediləcək. Təklif olunan dəyişikliyə görə, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə, təklifə razılıq verə bilməz.

Layihə müəllifi Çingiz Qənizadə iclasda bildirib ki, 200 manatadək verilən ianənin rəsmiləşdirilməsinə ehtiyac yoxdur və buna görə məsuliyyət nəzərdə tutulmur.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklər çirkli pulların yuyulmasının və xarici missioner təşkilatların çirkin niyyətlərinin qarşısının alınmasına xidmət edir.
"Bu gün dini qurumlara, icmalara istər xarici ölkələrdə, istərsə də daxili qüvvələr tərəfindən yardımlar edilir ki, bunun da heç bir hesabatı aparılmır və nəzarətdən kənarda qalır. Bir çox hallarda isə bu vəsaitlər həmin qüvvələr tərəfindən öz çirkin məqsədləri üçün istifadə olunur. Bu dəyişikliklər məhz bu boşluqların aradan qaldırılması və rəsmiləşdirilməsinə xidmət edir", - deputat deyib.

Onun sözlərinə görə, bu gün QHT-lərin fəaliyyətinin şəffaflığının təmin edilməsində müəyyən boşluqlar var.

Qanuna dəyişiklik qəbul olunduğu təqdirdə, dini qurumlar, ictimai təşkilatlar (fondlar, birliklər), siyasi partiyalar, habelə xarici təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri qrant müqaviləsi, yaxud qrant haqqında rəsmi qərar olmadan maddi yardım qəbul edə bilməyəcəklər.

Təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG