Noyabrın 6-da Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əsədov indiyədək ABŞ hökuməti tərəfindən Azərbaycanda kənd təsərrüfatı və aqrobiznes sahəsində göstərilmiş dəstəyi təqdirəlayiq hesab edib, Azərbaycanın aqrar sahədəki yeni prioritetlərinə uyğun olaraq bu dəstəyin gələcəkdə də davam etdirilməsinin ikitərəfli əməkdaşlığa töhfə verə biləcəyini bildirib.
Səfir Robert Sekuta Azərbaycanda kənd təsərrüfatı sahəsinin böyük inkişaf potensialına malik olduğunu bildirmiş və bu potensialdan səmərəli istifadə etmək məqsədilə təmsil etdiyi ölkənin Azərbaycan ilə həm özəl sektor, həm də müvafiq dövlət qurumları səviyyəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Robert Sekuta kənd təsərrüfatı sahəsində daha səmərəli əməkdaşlığa nail olmaq məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin imkanlarından istifadə olunacağını diqqətə çatdırıb.
Görüşdə kənd təsərrüfatı və agrobiznes sahələrində ikitərəfli əməkdaşlığın bir çox sahələri, o cümlədən kadr hazırlığı, toxumçuluq, heyvandarlıq, laboratoriya infrastrukturunun gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Bununla yanaşı, görüşdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ABŞ bazarlarına nəql edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
ABŞ səfirliyinin Twitter hesabında isə bildirilir ki, ABŞ kənd təsərrüfatı sahəsində Azərbaycana uzun müddət ekspert yardımı göstərib və daha da sıx əməkdaşlıq etmək arzusundadır.
“Səfir Sekuta və nazir Əsədov Azərbaycanın fermerləri və ərzaq sektorunun inkişafı üçün potensial əməkdaşlığı müzakirə edib”, ABŞ səfirliyi bildirir.