Accessibility links

İstanbulda iki azərbaycanlıdan 39 qızıl külçə götürülüb


Türkiyə polisi Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə aparılmış 33 kilоqram 576 qrаm аğırlığındа 39 ədəd saf qızıldan olan külçəni ələ keçirib. Bu barədə Türkiyə hüquq mühafizə orqanları məlumat yayıb.

Məlumatda deyilir ki, qızıl külçələr Azərbaycan dövlət nömrə nişanlı bir avtomobilin yük yerində olub. 30 və 32 yaşlarında iki nəfər polis tərəfindən göz altına alınıb.

Əməliyyatı İstanbul Qaçaqmalçılıq, Terrorla Mübarizə, Narkotiklərə qarşı Mübarizə və Tuzla Təhlükəsizlik idarələri həyata keçirib. Azərbaycan nömrə nişanlı avtomobil İstanbulun Tuzla şimal yolunda Mehmetcik Vakfının önündə saxlanılıb.

Şübhəli kimi saxlanan şəxslər Azərbaycanda zərgərliklə məşğul olduqlarını bildirib. “Azərbaycanda zərgərliklə məşğul oluruq. Türkiyədə qızıl çox baha olduğundan qızılları əridib satmaq üçün İstanbula gətirdik”, saxlanılanlardan biri qeyd edib.

Hər iki şəxs məhkəməyə gətirilib və orada barələrində həbs seçildikdən sonra həbsxanaya aparılıb.

XS
SM
MD
LG