Accessibility links

Quş qripi ilə bağlı monitorinq başlayır


Quş qripi
Quş qripi

Aprelin 6-da köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə aparılacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Mətbuat xidməti bildirir ki, monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 17-də ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda quş qripi xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

XS
SM
MD
LG