Accessibility links

“Tarif Şurasının qərarının mənfi nəticələri olacaq”


“İnsan hüquqları nöqteyi-nəzərdən Tarif Şurasının son qərarı” mövzusunda dəyirmi masa

Dekabrın 12-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş “İnsan hüquqları nöqteyi-nəzərdən Tarif Şurasının son qərarı” mövzusunda dəyirmi masa keçirilib.

Turan agentliyinin məlumatına görə, dəyirmi masada müzakirə Tarif Şurasının qaz (+100%) və elektrik enerjisi (+57%) tariflərinin differensial artırılması haqqında 28 noyabr tarixli qərarından gedib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qaz və elektrik enerjisi tariflərinin artırılmasını qeyri-adekvat qərar adlandırıb. Bu, əhalinin sosial müdafiəsinin artırılması bəhanəsi ilə edilib, amma əslində hər şey tərsinə alınıb: "Tariflərin son artırılması və böhran psixi xəstəliklərin artmasına səbəb olub. Tibb müəssisələrində artıq 151 min nəfər qeydiyyatdadır, ailə institutu ciddi aşınmaya məruz qalır”.

“Vəziyyət o qədər pisdir ki, hökumət vətəndaşların ailə büdcəsini kəsərək, belə bir qərar qəbul edib”, deyə REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

Rəssam Gündüz Ağayevin karikaturası
Rəssam Gündüz Ağayevin karikaturası

Onun sözlərinə görə, Tarif Şurasının qərarı təkcə əhali kateqoriyasından olan istehlakçılara deyil, həm də biznes qurumlarına təsir edəcək, onlar malların qiymətlərini artırmaq məcburiyyətində qalacaqlar, bu da vətəndaşların maddi vəziyyətini əlavə olaraq pisləşdirəcək: “Vətəndaşların sosial vəziyyəti 2017-ci ildə pisləşəcək”.

O deyib ki, yarıtmaz idarəetmə böhranın əsas səbəbidir və bu, institusional islahatları şərtləndirir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda enerji daşıyıcılarının idxalçı ölkələrdə olduğundan dəfələrlə ucuz olduğuna görə tariflərin artırılmasını tamamilə əsassız adlandırıb: “Əksinə, böhran şəraitində əhaliyə sosial dəstək və istehsalatın və bazar fəallığının artırılması üçün qaz və elektrik enerjisi qiymətləri azaldılmalıdır”.

Onun fikrincə, böhranın səbəblərindən biri yüksək vəzifəli məmurların özləri üçün əlverişli maddi mühit yaratmasında və yanlış olaraq ətrafda bütün insanların yaxşı yaşadığını düşünməsindədir.

Öz növbəsində, İbadoğlu qeyd edib ki, islahatlarla bağlı dərc edilmiş “Yol Xəritəsi” göstərir ki, heç bir islahat olmayacaq: “Vətəndaş cəmiyyəti böhrandan çıxış üzrə öz tədbirlər paketini işləyib hazırlamalıdır. Bu şəraitdə hökumət vətəndaşları soymaqla yanaşı, islahatların təmin etmədiyi xarici borcları artırmağa davam edir: “Bunun son nümunəsi Asiya Bankının 1 mlrd. dollarlıq kreditidir”.

Son vaxtlar hakimiyyət inklüziv inkişaf terminindən istifadə etməyə başlayıb, deyə ekspert Toğrul Cuvarlı bildirib. Amma idarəetmə müasirləşdirilmədən, institusional islahatlar aparılmadan, fəaliyyət azadlığı verilmədən, vətəndaşların siyasi və iqtisadi proseslərdə azad iştirakı olmadan bunu etmək mümkün deyil.

“İslam, Demokratiya və İnsan Hüquqları” QHT-nin rəhbəri Aytəkin İmranova istehlakçılara verilən qazın keyfiyyətinin pis olduğunu və zəhərlənmələrin sayının artdığını qeyd edib. O, həmçinin regionlarda əhalinin yoxsul vəziyyətdə olduğuna, xüsusən mənzillərin isidilməsi məsələsindəki problemlərə diqqət çəkib.

Bu mövzunun insan hüquqları ilə birbaşa əlaqəsi var, belə ki, vətəndaşların sosial və iqtisadi hüquqlarının kütləvi şəkildə pozulduğu göz önündədir, deyə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov qeyd edib. O, həmçinin bildirib ki, hökumət hüquq müdafiə təşkilatlarını məqsədyönlü şəkildə boğur ki, Tarif Şurasının atdığı addımlar kimi qərarlar qəbul edilərkən onların fəallığına yol verməsin.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, hakimiyyət ölkəyə mülkiyyəti kimi baxır və hesab edir ki, zənginləşmə nöqteyi-nəzərdən heç kimlə bölüşməməlidir: “Amma yenə də, problem insanların özündə, vətəndaşların siyasi mədəniyyətinin aşağı səviyyədə olmasında, öz qanuni hüquqlarını müdafiə edə bilməmələrindədir, buna görə ilk növbədə insanlarda öz şərəf və ləyaqətlərinə hörmət aşılamaq lazımdır. Buna cavabda Toğrul Cuvarlı deyib: “Hakimiyyət narahatdır və xalqdan çəkinir, xalq da öz növbəsində bundan istifadə etməyə sadəcə olaraq məcburdur”.

XS
SM
MD
LG