Accessibility links

Qəzalı binanın sakinləri Bakı meriyasına etiraz edir (VİDEO)


Bir sakin ömrümün 70 ilini bu qəzalı yataqxanada qorxu içində yaşadığını deyir

Bu gün Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının Cavanşir küçəsi, 38 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxanasının sakinləri Bakı meriyası qarşısında etiraz aksiyası keçirib. Polis sakinlərin meriyaya daxil olmasına imkan verməyib, insident də qeydə alınmayıb.
Sakinlər yaşadıqları binanın tam qəzalı vəziyyətdə olduğunu bildiriblər. “Hər an binanın uçmaq ehtimalı qalır. Biz qorxu içərisində yaşayırıq. Uşaqlarımız qohumlarımızın evində gecələyir”, - deyə sakinlərdən biri bildirib.
Bakı meriyası sakinlərin tezliklə yeni binaya köçürüləcəyini bildirib. Yeni binanın tikintisi üçün torpaq sahəsi də ayrılıb. Lakin, nəticədə binada yaşayan yalnız 70 ailə təzə mənzillərə köçürülüb. Qalan 80 ailə isə köçürülməyib. “Şübhələnirik ki, bizim üçün bina tikilməsi üçün ayrılan torpaq sahəsinin böyük bir hissəsi biznesmenlərə satılıb. Bakı meriyası isə hər hansı izahat vermir. Biz sakinləri qəbul etmirlər”, - digər şikayətçi qeyd edib.
Etirazçılar şikayətlərinin dinlənilməməsindən məyusdurlar. “Müharibə bizim üçündür. Hərbi qulluğa çağırış olanda qapımızı döyürlər, amma ehtiyaclarımızla bağlı şikayətimizi dinləyən yoxdur. Ömrümün 70 ilini bu qəzalı yataqxanada qorxu içində yaşamışam”, - yaşlı sakin Amerikanın Səsi radiosuna bildirib.

Bakı meriyası etiraz edən sakinləri dinləməyib. Eyni zamanda, meriya jurnalistlərin sakinlərin etirazı ilə bağlı suallarına da cavab verməyib.
Yataqxana binası ötən əsrin ortalarında tikilib.

XS
SM
MD
LG