Accessibility links

Rüstəm İbrahimbəyov: “Mən öz vətəndaş mövqeyimi dəyişmirəm”


“Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir,” kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan agentliyinə müsahibəsində bildirib.

Rüstəm İbrahimbəyov Bakıda Kinomatoqrafçılar İttifaqının toplantısını keçirir
Rüstəm İbrahimbəyov Bakıda Kinomatoqrafçılar İttifaqının toplantısını keçirir

Hakimiyyətin ona qarşı dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamları fonunda Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında Rüstəm bəy deyib ki, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.

“İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır?

Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?” İbrahimbəyov sual edib.

İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır.

Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?
Rüstəm İbrahimbəyov, kinodramaturq

“Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? “Qafqaz üçlüyü” filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır,” dramaturq vurğulayıb.

“Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, Bakıya gəl,” o əlavə edib.

Bakıda olduğu qısa müddətdə Rüstəm İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.

“Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evi ilə bağlı problemi həll etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var,” o vurğulayıb.

“Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?” sualının cavabında Rüstəm İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək.

“Mayda Kinonatoqrafçılar İttifaqnın qurultayını keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir.”

Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir.

Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?
Rüstəm İbrahimbəyov, kinodramaturq

"Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?” İbrahimbəyov söhbəti yekunlaşdırıb.

Rüstəm İbrahimbəyov Azərbaycan kinodramaturqu, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq yazıçısıdır. Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir.

Rüstəm İbrahimbəyov 2013-cü ildə birləşmiş müxalifətin Azərbaycan prezidentliyinə vahid namizədi kimi irəli sürülüb. Lakin Mərkəzi Seçki Komissiyası onun ikili vətəndaşlığını əsas gətirilərək namizədliyini təsdiq etməyib. Bununla yanaşı, İbrahimbəyov müxalifətin prezidentliyə namizədi olduğu bir vaxxtda onun rəhbərlik etdiyi Kinomatorqafçılar İtiifaqında aparılan vergi yoxlamaları əsas gətirilərək fakt üzrə vergi ödəməkdən yayınma və mənimsəmə ittihamları ilə cinayət işi qaldırılıb. O, hökumət rəsmiləri tərəfindən və iqtidaryönümlü mediada kəskin tənqidlərə məruz qalıb. İbrahimbəyov haqqında tənqidlər 2019-cu ildə də davam edib.

Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu, 3 il öncə çəkilmiş "Qafqaz triosu" və ya "Qafqaz üçlüyü" adlı filmi bu ilin mayında Azərbaycanda müzakirələrə yol açıb. Bu haqda birinci danışan kinorejissor, tənqidçi Ayaz Salayev olub, filmlə bağlı məqalə yazıb. Bundan sonra prezidentin köməkçisi Əli Həsənov hər kəsi filmə, onun müəllifinə münasibət bildirməyə çağırıb. Beləliklə, məsələ KİV-lərə, sosial mediaya daşınıb, deputatlar, siyasətçilər, kinotənqidçilər tənqidlər yağdırıb.

İbrahimbəyov tənqidləri qəbul etməyib. "Qafqaz triosu" düşmən ölkələr nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir.

"Bu gün müxtəlif səbəblərdən bu həqiqəti qəbul etməyənlər gec-tez onu dərk edəcəklər," kinodramaturq qeyd edib.

XS
SM
MD
LG