“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə məlumatı Amerikanın Səsinə Rahim Hacıyevin özü verib.
Cənab Hacıyevin sözlərinə görə, onu dekabrın 29-u saat 14.00-da Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmaldır. Baş redaktorun birinci müavini deyib ki, onu idarəyə müstəntiq Anar Dəmirçiyev dəvət edib.
Amerikanın Səsinə açıqlamasında Rahim Hacıyev bildirib ki, ona "Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı idarəyə dəvət edildiyi bildirilib: "Mənə Faiq Əmirlinin işi ilə bağlı bir neçə suallarının olduqlarını bildirdilər".
Faiq Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib.
F.Əmirli ittihamları qəbul etmir. Buna görə o, istintaqa hər hansı ifadə vermir.