Dünya müsəlmanları Ramazan ayına başlayır. Bu müqəddəs ay oruc və bir araya gəlmək üçün imkan yaradır.
ABŞ-da müxtəlif mədəniyyətli müsəlmanlar da Ramazanı İslam Mərkəzinə toplaşmaqla qeyd edir.
Dinlərarası dialoq müxtəlif rəngli, müxtəlif mədəniyyətli və fərqli dinli insanların fərqləri və oxşarlıqların ortaya çıxarılması üçün gözəl bir imkandır
Burada Ramazan dünyanın hər yerində olduğu kimi keçirilir. Halal dükanlardan alış-veriş edilir, iftar süfrələri qurulur, bərabər dualar edilir.
Virciniya ştatının Dər Əl-Hicra İslam Mərkəzi 42 fərqli müsəlman xalqına qapılarını açır. Şakir Elsəyid mərkəzin imamıdır:
“Ramazan müxtəlif dilli, fərqli mədəniyyətli insanları bir araya gətirmək üçün yaxşı bir fürsətdir. Biz burada hamımız ingiliscə danışır, hər kəsi cəlb edəcək fəaliyyətlərlə məşğul oluruq”- deyə, o bildirib.
Şakirin dediynə görə, mərkəzdə iftarı açmaq üçün pulsuz yemək paylanır, axşam dualarına hazırlıqlar görülür. Onlara oruc tutmayanlar da qatılır. Misirli İbrahim Radi bunu özü üçün problem hesab etmir.
“Mən dinimə görə oruc tuturam. Başqalarının gördüyü işin mənim üçün fərqi yoxdur”.
Onun xanımı mərakeşli Nadiya isə ailəsi üçün darıxdığını deyir.
“Burada böyük ailəmiz olmadığı üçün masa arxasına 10 deyil, 2 adam otururuq”.
İş günü Ramazan ayında müsəlmanlar üçün daha uzun sürür. Seneqaldan Əminə Tanbuş deyir ki, hamı nəsə bişirir, bərabər dua edir, İslamdan danışır.
Ramazan ayı müsəlmanlar üçün həm də amerikalıları İslamla bağlı maarifləndirmək vaxtıdır. Yerli məscidlər açıq qapılar təşkil edir, Ramazanla bağlı nitqlər söylənilir, iftar yeməkləri paylayır. Televizya reklamları müsəlmanların amerikalıların tərkib hissəsi olduğunu göstərir.
İslam mərkəzlərinə xristianlar və yəhudilər dəvət edilir. Dinlərarası dialoq müxtəlif dinlərə mənsub olan insanlar arsında anlaşma yaradır.
Konqresdə yer alan yeganə müsəlman nümayəndə Keyt Ellison bunu belə izah edir.
“Dinlərarası dialoq müxtəlif rəngli, müxtəlif mədəniyyətli və fərqli dinli insanların fərqləri və oxşarlıqların ortaya çıxarılması üçün gözəl bir imkandır”.
1990-cı illərdən bəri ABŞ prezidentləri 1.5 milyon Amerika müsəlmanını Ramazan bayramı münasibəti ilə təbrik edir. Təbriklər amerikalıların Ramazanla bağlı məlumatlandırılmasına yardım edir.