Accessibility links

İran Xarici İşlər nazirliyi Amerikanın Azərbaycandakı səfirinə cavab verib


İran Xarici İşlər nazirliyi Amerikanın Azərbaycandakı səfirinə cavab verib
İran Xarici İşlər nazirliyi Amerikanın Azərbaycandakı səfirinə cavab verib

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, Amerika və Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındadır. Rusiya və İran isə transxəzər qaz kəmərinin əleyhinə çıxış edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərst ABŞ-ın Azərbaycandakı səfirinin Transxəzər qaz kəməri ilə bağlı bəyanatına reaksiya verib.

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərst deyib: “Xəzər dənizinin hüquqi statusu ilə bağlı mübahisələr və onunla bağlı problemlər, eləcə də Xəzərin ətraf mühitlə bağlı problemləri bu dənizin sahilindəki ölkələrə aid məsələlərdir. Aydın məslədir ki, Xəzər dənizi ilə bağlı qəbul edilən hər hansı qərar kollektiv razılıq olmadan həyata keçə bilməz.

Xəzər dənizindən enerjinin nəqli dənizin məhdudluğunu, hər tərəfdən quru ilə əhatə olunduğunu nəzərə aldıqda ətraf mühitlə bağlı təhlükəli nəticələrə gətirib çıxara bilər. Elə buna görə də bu barədə hər bir qərar Xəzəryanı 5 ölkənin birgə razılığa gəlməsindən sonra həyata keçirilə bilər.

Biz nə qədər fikirləşsək də, amerikalıları Xəzəryanı 5 ölkəyə aid edə bilmirik. Onların hansı mövqe və şəraitlərinə görə bu kimi fikirlər irəli sürməsinin səbəbini başa düşə bilmirəm. Amerikalılar yaxşı olar ki, onlara aidiyyəti olmayan sahə və məsələlər barədə fikir irəli sürməsinlər. Onların bu barədə danışmağa səlahiyyəti yoxdur. Xəzəryanı 5 ölkənin özləri Xəzər problemləri ilə kifayət qədər tanışdır. Yaxşısı budur ki, amerikalılar Xəzər dənizi ilə bağlı özlərini narahat etməsinlər və gedib daha çox öz daxili problemlərinin həlli ilə məşğul olsunlar”.

Xatırladaq ki, iyunun 11-də Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosunun sualının cavabında bildirib ki, Amerika və Azərbaycan Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındadır. “Amerika Azərbaycana Xəzərdə yerləşən enerji infrastrukturunu ən yaxşı formada necə qorumaq üçün düşünməkdə kömək edir. Azərbaycan artıq bilir ki, öz milli resurslarını necə qorumalıdır. Lakin, hər zaman gözlənilmədən hansısa bir hadisə və risklər problemlər yarada bilər. Bizim bu sahədə təcrübəmiz var və təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik”.

Səfir Brayza Amerikanın Səsinin “İran və Rusiya transxəzər qaz kəmərinin çəkilişinin əleyhinədir. Bu ölkələrdən təhlükələr olarsa Amerika Azərbaycana hansı köməyi göstərə bilər?” sualının cavabında isə deyib ki, bu bir qədər hipotetik sualdır. “Amma, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda neft-qaz sərgisində deyib ki, Azərbaycan və Türkmənistan müstəqil və suveren ölkələrdir. Biz onların suverenliyinə və müstəqilliyinə çox böyük hörmətlə yanaşırıq. Bu ölkələr öz enerji infrastrukturunu necə qorumaq və enerji resurslarının hansı istiqamətdə nəqli barədə özləri qərar qəbul etməlidir”.

Səfir həmçinin əlavə edib ki, bu ölkələrin boru kəmərinin ətraf mühitə təsirini qiymətləndirilməsi layihə zamanı nəzərə alınacaq. “Boru kəmərinin bir dəniz vasitəsi ilə qazı Avropaya çatdırılması ekoloji cəhətdən təhlükəsizdir, amma Xəzər vasitəsi ilə qazın Avropaya çatdırılmasının ətraf mühitə zərər vurmasını demək məntiqsiz yanaşmadır”, - deyə o Rusiya səfirinin bu günlərdə transxəzər qaz kəmərinin ətraf mühitə ziyanlı olacağı ilə bağlı bəyanatına dolayısı ilə cavab verib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də İran Xarici İşlər nazirliyinin bəyanatına oxşar bəyanatla çıxış edib.

Öz növbəsində, Avropa İttifaqı və ABŞ Cənub dəhlizi layihəsini dəstəkləyir. Hazırda Türkmənistan və Azərbaycan qazının Avropaya çatdırılması üçün Nabucco layihəsi ilə bağlı danışıqlar prosesi davam etdirilir.

XS
SM
MD
LG