Accessibility links

Səid Mətinpur əl-ayağı zəncirlənmiş halda xəstəxanaya getmək istəmir


Səid Mətinpur əl-ayağı zəncirlənmiş halda xəstəxanaya getmək istəmir
Səid Mətinpur əl-ayağı zəncirlənmiş halda xəstəxanaya getmək istəmir

Tehranın İnqilab məhkəməsinin 8 il həbs cəzasına məhkum etdiyi azərbaycanlı mədəni fəal Səid Mətinpur artıq 3 il 9 aydır həbsxanadadır. Onun istintaq zamanı 9 ay ETTELAAT idarəsində saxlandığı müddət həbs cəzasının bir hissəsi kimi hesablanmayıb. Cənab Mətinpur "Əcnəbilərlə əlaqədə olmaq və İran İslam Cümhuriyyəti əleyhinə təbliğat"da ittiham edilib. Bu barədə Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri Amerikanın Səsi radiosunun Azərbaycan Xidmətinə müsahibəsində bildirir.

Səid Mətinpurun azadlığı üçün beynəlxalq səviyyədə kampaniya aparılır, imzalar toplanır, İran rəsmilərindən onun azadlığa buraxılması tələb edilir. Ətiyyə Tahiri bu kampaniyaların İran rəsmilərinə nə qədər təsiri olacağı barədə bir söz deyə bilmir: "Hesab edirəm ki, nəticəsi olmasa da belə fəaliyyətlərin göstərilməsinə ehtiyac var”, - deyə o qeyd edir.

Xanım Tahiri iki həftədən bir Zəncan şəhərindən Tehrana gedir, həbsxanada əri Səid Mətinpuru türmə pəncərəsi arxasından görür və onunla telefonda 25 - 30 dəqiqə danışa bilir.

Ətiyyə Tahiri öz təhlükəsizliyi barədə suala cavabda deyir ki, Səidin başına gələnlərdən sonra nədənsə qorxmağa dəyməz. "Bundan ağır bir şey yoxdu ki, biz qorxaq". Xanım Tahiri Amerikanın səsinin sualına cavabında İran rəsmiləri tərəfindən özünə qarşı təzyiqlər olmadığını deyir.

Ətiyyə Tahirinin dediyinə görə, İran rəsmiləri iki dəfə Mətinpura peşmançılıq keçirdiyi barədə etiraf etməsi müqabilində əfv oluncağını təklif edib. “O, bunu qəbul etmədi. Dedi ki, əqidəmdən dönməyəcəm. Mən, apardığım mübarizəni və fikrilərimi hər bir məhkəmə qarşısında müdafiə etməyə hazıram”.

O, Səid Mətinpurun onurğa sütununda problem olduğunu, oturub-duranda əziyyət çəkdiyini bildirib. “Belində və boynundakı daimi ağrılardan əziyyət çəkir. Mətinpur həm də ürək xəstəsidir və son günlər halı o qədər də, yaxşı deyil. Onu həbsxana xəstəxanasına köçürüblər.

Həkimlər Mətinpurun zindandan kənarda müstəqil xəstəxanada müalicə olmasını məsləhət bilir. Həbsxanadan kənarda, başqa xəstəxanaya aparılması üçün əl və ayaqlarına zəncir vurulması lazımdır. O isə əl - ayaqları zəncirli xəstəxanaya aparılmasını qəbul etmir. İranda adətən həbsdəki azərbaycanlı siyasi, mədəni fəallar bunu rədd edirlər.

Ətiyyə xanım, cənab Mətinpurun azadlığı uğrunda aparılan mübarizəni lazım bilir. “Səid istəyir ki, daxilən rahat olsun və milləti fundamental haqlarına çatsın. Bu səbəbdən azadlığını qurban verməsindən heyflənmir. Səid insanların ən kiçik haqları uğrunda da çalışır, yazır, danışır.”

Xanım Tahiri deyir ki, Səid Mətinpur onunla görüşlərində ölkədəki vəziyyət, azərbaycanlı fəalların durumu, tutulanlara qarşı ittihamlar barədə çoxlu suallar verir. “Azərbaycanlıların bu gün gördükləri ən kiçik işlər və fəaliyyətlər gələcəkdə öz bəhrəsini verəcək”, - deyə o qeyd edir.

Ətiyyə xanım zindan məmurlarının onun Səid Mətinpurlə telefon danışıqlarını yazdıqlarını bildirir: "Amma bizim gizlətməyə bir sözümüz yoxdur".

XS
SM
MD
LG