Accessibility links

İranda subsidiyaların kəsilməsinin siyasi-sosial təsirləri


İranda subsidiyaların kəsilməsinin siyasi-sosial təsirləri
İranda subsidiyaların kəsilməsinin siyasi-sosial təsirləri

İranda hələ yeni qiymətlər özünü göstərməyib. Yeni qiymətlər, qar gülləsi kimidir, getdikcə daha da artacaq.

Ötən əsrin 70-cı illərində İranda neft sənayesi milliləşdirildikdən sonra, dövlət vergiləri azaltdı,bütün fabrikləri, zavodları, müəssisələri neft pulları ilə yenidən bərpa etdi və sənayenin 90 faizindən çoxunu dövlət mülkiyyətinə keçirdi. Bundan əlavə, siyasi rejim xalqı özündən razı salmaq üçün gündəlik tələbat mallarının qiymətlərini dövlət subsidiyaları hesabına aşağı saldı. Subsidiyalar su, elektrik, qaz, neft, səhiyyə, dərman, xəstəxanalar, xaricdən alınan mallar, radio, televiziya, ərzaq məhsulları, içkilər, kinolar, kitablar və minlərlə digər əmtələri əhatə edirdi.

Amma son onilliklərdə, - 6 illik İran-İraq müharibəsi, İranın dünyadan təcridi, beynəlxalq iqtisadi və maliyyə sanksiyaları, əhalinin sayının iki dəfəyədək artması, neft ixrac sistemlərinin köhnəlməsi, neftin az ixrac edilməsi

dövlətin gəlirlərinin kəskin azalmasına səbəb oldu. Bu isə öz növbəsində, subsidiyaların kəsilməsi ilə nəticələndi.

Subsidiyalar ləğv edildikdən sonra xalqın etirazının qarşısını almaq üçün İranın dövlət mediası, radio və televiziyalar, millət vəkilləri, dövlət adamları, mollalar və ayətullahlar təbliğat aparır. D1igər tərəfdən isə polis, Bəsic və pasdar quvvələri xalqı və müxalifləri tutmaqla, həbslə və hətta edamla təhdid edir.

İran dövləti subsidiyaların kəsilməsiylə əlaqədar ölkə üzrə adambaşına bank hesablarına 81 000 tümən (81 dollar) köçürüb. Subsidiyalar kəsildikdən sonra benzinin qiyməti 8 dəfə, çörəyin kiloqramı 8 dəfə, qazın kub metri 7 dəfə, elektrikin kilovatı 2,8 dəfə, suyun kubu 2,6 dəfə və digər məhsullaırn qiymətləri də eyni ilə dəfələrlə qalxıb.

İranda subsidiyaların ləğvi və bunun siyasi, iqtisadi, sosial təsirləri barədə əslən İran Azərbaycanından olan,hazırda İsveçdə yaşayan, Türkiyənin Qazi Universitetinin iqtisad doktoru Məhəmmədhüseyn Yəhya “Amerikanın səsi” radiosunun suallarına cavab verib.

Sual: İran dövləti hansı səbəbdən subsidiyalar hesabına qiymətləri ucuzlaşdırırdı?

Cavab: Çünki neft gəlirlərinin hamısı dövlətin əlində cəmləşib. Siyasi rejim hakimiyyətini saxlamaq üçün qiymətləri aşağı saxlamaqla xalqa yaxın olduğunu nümayiş etdirmək isəyirdi.

Sual: Adətən, azad seçki və azad siyasi hakimiyyət olmayan ölkədə subsidiyaların aradan qaldırması qarşıdurmalar yaradır. Subsidiyaların aradan qaldırılması İranda siyasi rejimlə iqtisadi sistem arasında gərginlik yarada bilərmi?

Cavab: Bu proqramın icrasından aylarla əvvəl İranda təbliğat başlanıb. Sipahi pasdaranlar və təhlükəsizlik qüvvələri, imam cümələr hökumətin siyasətinə qarşı çıxanları ölümlə təhdid edir.

Bunlara baxmayaraq, subsidiyaların aradan qaldırılması qiymətlərin kəskin artımının bundan sonra da davam etməsinə səbəb olacaq. Belə ki, hazırda 17 əsas məhsul üzrə subsidliyalar kəsilib və ölkə boyu qiymətlərin orta hesabla 70 faizədək bahalaşmasına səbəb olub. Bahaşmanın iqtisadi böhran yaradacağı qaçılmazdır və bu siyasi böhrana səbəb ola bilər.

Sual: Şah rejimi və ya indiki rejim zamanında adambaşına nə qədər subsidiya düşürdü?

Cavab: İranda bunları hesablayan rəsmi mərkəzlər yoxdur. Hətta, İranın Mərkəz Bankı da bu rəqəmləri verə bilmir.

Sual: İran dövləti indi subsidiya əvəzində adambaşına 40 dollar ödəyir. Bu isə hər ay 5 milyard 600 milyon dollar və ildə 62 milyard 200 milyon dollar edir. İran dövləti bu vəsaiti hansı mənbədən ödəyəcək?

Cavab: Əslində əhaliyə nəğd pulun verilməsi İran dövlətinin gəlirlərini çoxaldır. Martın 1-dək İran dövləti subsidiyaların kəsilməsilə 20 milyard dollar qazanır və dövlətin kassasında qalır. Bunun 10 milyard dolları xalqa veriləcək və 10 milyard dolları isə dövlətin ixtiyarında qalacaq. Çünki neft emalı get-gedə azalır və bu dövləti qorxutmağa başlayıb.

Sual: Əhaliyə nəğd pulun verilməsi qiymətlərin artmasına səbəb olacaq və beləliklə də pulun alıcılıq qabiliyyəti aşağı düşəcək. İranda ümumdaxili məhsulla dövriyyədə olan pulun arasında ekvivalentlik varmı? Pul və iqtisadiyyat gələcəkdə bir-birini müdafiə edə biləcəkmi? Ölkədə sosial sülh varmı? Gərginlik riski müşahidə edilirmi?

Cavab: Əslində, İran dövləti belə bir gərginliyi və partlayışı gözləyir. İranda pul kütləsinə nəzarət dövlətin və Mərkəzi Bankın əlindədir. İndi süni olaraq milli valyutanın dəyəri yüksək göstərilir. Əgər azad bazar olarsa, bu gün dolların qiyməti İranda 2000 Tümən olar, amma hazırda 1 dollar 1045 tümən nisbətində götürülür.

Sual: İranda infliyasiya şəraitində milli valyuta əhalinin tələbatını ödyəcək qədər mal və məhsulları almaq üçün bəs edəcəkmi? Yeni əlavə pul çapı nəzərdə tutula bilərmi?

Cavab: İranda enerjini ən çox dövlət müəssisələri istifadə edir. Bunun pulunu ödəməyə dövlət büdcəsində vəsait yoxdur. Dövlət məcburdur ki, yeni pul kütləsi dövriyyəyə buraxsın. Təbii ki, yeni pul kütləsinin çapı ilə pulun alıcılıq qabiliyyəti aşağı düşəcək, qiymətlər qalxacaq və infliyasiya yüksələcək.

Sual: İranda azərbaycanlı əhali əsasən fiziki əmək tələb olunan yerlərdə çalışır. Subsidiyaların kəsilməsi azərbaycanlıların yaşayışına necə təsir göstərəcək?

Cavab: Təəssüf ki, subsidiyaların kəsilməsi İran Azərbaycanına daha ağır təsir edəcək. Ona görə ki, Azərbaycan əhalisi çörəkdən daha çox istifadə edir. Tarix boyu dəfələrlə Təbrizdə çorəklə bağlı gərginliklər müşahidə olunub. Subsidiyaların götürülməsi çorəyin qiymətinin dəfələrlə artmasına səbəb olacaq.

Azərbaycanda hər adam ildə orta hesabla 170 kiloqram çörək yeyir. Eyni zamanda, İran Azərbaycanında işsizliyin səviyyəsi həddindən artıq çoxdur. Çünki İran mərkəzi hökuməti Azərbaycana həm sərmayə yönəltmir, həm də gəlirli iş yerləri yoxdur və Azərbaycan əhalisi davamlı olaraq yoxsulaşmaqdadır. Bu səbəbdən də təbii ki, subsidiyaların kəsilməsi azərbaycanlılara daha boyük təsirlər göstərəcək.

Sual: İranda insanlar aylıq gəlirlərinin neçə faızıni yeməyə sərf edir?

Cavab: Azərbaycanda ailələrin əksəriyyəti çoxuşaqlıdır. Demək olar ki, ailə gəlirlərinin 75 faızı yemək və geyimə xərclənir. Eyni zamanda, ailələrin gəlirləri də çox aşağıdır.

Sual: Azərbaycan topraqlarından adamların iş axtarmaq üçün köçü davam edir. Yerlərdə işsizliyin səviyyəsi həddindən çox yüksəkdir. Yerli azərbaycanlıların əsas məşğuliyyəti isə xalçaçılıq, əkinçilik, maldarlıqdır. Subsidiyaların kəsilməsi Azərbaycan əhalisinin köçünün daha sürətlənməsinə təsir etməyəcəkmi? Dövlət il ərzində adambaşına cəmi 48 dollar çörək subsidiyası verəcək. Unun kiloqramı 300 tümən, çörəyin kiloqramı 1000 tümən (1 dollar) olarsa subsidiya əhalinin çörək tələbatından çox aşağıdır.

Cavab: Azərbaycanlıların köç etməsi sürətlə davam edəcək. İnsanlar iş dalınca başqa ölkələrə gedəcək və bu da İranda yoxsulluğun daha da dərinləşməsinə səbəb olacaq.

Sual: Subsidiyaların kəsilməsi Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi zamanında niyə baş vermədi?

Cavab: Əslində, Rəfsəncani və Xatəmi dövründə dövlətin mülkiyyətində olan təşkilatlar, müəssisələr və şirkətlərin satılmasina başlandı, iqtisadı azadlıqlar bərpa edilməyə başlandı. Bu cür ağır proqramlar bəzi məmləkətlərdə dövlət, əsgəri və təhlükəsizlik qüvvələrinin iş bilrliyi şəraitində irəli getmişdi.

Sual: Belə görünür ki, İranda subsidiyaların götürülməsinə beynəlxalq sanksiyalar da təsir göstərib. İran hökuməti güc və təbliğat vasitəsi ilə insanları nəzarətdə saxlaya biləcəkmi?

Cavab: Sankisiyalar İran iqtisadiyyatını daha çətin vəziyyətə salacaq. Əgər İran neft iistehsalını bugünki səviyyədə saxlayarsa, yaxın on ildə neft sənayesinə 500 milyard dollar sərmayə qoymalıdır. Son bir ildə İranın neft istehsalı 10 faiz aşağı düşüb. Bu isə İran dövlətinin gəlirlərinə təsir göstərir.

Sual: Tehran və Təbrizdə müşahidələr xalqın subsidiyaların aradan qaldırılmasından çox narazı olduğunu göstərir. Bu, insanların siyasi hakimiyyətə qarşı üsyanı ilə nəticələnə bilərmi?

Cavab: Bu ehtimal var. Əgər təhlükələr olmasa idi, hökumət xalqa qarşı qorxutma təhdidlərinə yol verməzdi. Bu qorxu var və başlanğıcdır. Hələ yeni qiymətlər özünü göstərməyib. Yeni qiymətlər, qar gülləsi kimidir, getdikcə, daha da artacaq.

XS
SM
MD
LG