Accessibility links

İranda tanınmış siyasətçinin qızı öldürülüb


İranda tanınmış siyasətçinin qızı öldürülüb
İranda tanınmış siyasətçinin qızı öldürülüb

Hökumət qüvvələrinin atasının dəfn mərasiminə kobud müdaxiləsinə, mərasim iştirakçılarına qarşı zorakılığına etiraz bildirən Halə Səhabi qəflətən mülki geyimli bir şəxsin hücumuna məruz qalıb.

İyunun 1-də Tehranda atasının dəfn mərasiminə qatılan tanınmış siyasətçi, İran parlamentinin keçmiş deputatı, Milli-Məzhəbi Fəallar Şurasının rəhbəri İzzətulla Səhabinin 2 ildir həbsdə saxlanan qızı Halə Səhabi öldürülüb.
İzzətulla Səhabi mayın 31-də uzun sürən xəstəlikdən sonra 81 yaşında Tehranda vəfat edib. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulub həbsdə saxlanan Halə Səhabi isə atasının dəfn və yas mərasimlərinə qatıla bilməsi üçün bir neçə günlüyə evə buraxılmışdı.
İzzətulla Səhabi apardığı siyasi fəaliyyətinə görə ömrünün 12 ilini İran şahı Məhəmmədrza Pəhləvi hakimiyyətinin, 3 ilini isə İran İslam Respublikasının zindanlarında keçirib.
“Media forum” saytının məlumatına görə, Səhabilər ailəsi dəfn mərasiminin sübh saat 8:30-da keçiriləcəyini əvvəlcədən bildirsə də, İranın hökumət qüvvələri bütün etirazlara baxmayaraq mərasimi və ona qatılanları nəzarətdə saxlamaq məqsədilə işə qarışaraq mərhumu iki saat əvvəl dəfn edib.
Hökumət qüvvələrinin atasının dəfn mərasiminə kobud müdaxiləsinə, mərasim iştirakçılarına qarşı zorakılığına etiraz bildirən Halə Səhabi qəflətən mülki geyimli bir şəxsin hücumuna məruz qalıb. Dəfn mərasiminə qatılanlarla hökumət qüvvələri arasında yüngül qarşıdurma yaranıb. Halə Səhabi mülki geyimli şəxsin beşbarmaqla ona vurduğu bir neçə zərbədən sonra yerə yıxılıb. Halə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bəzi mənbələr Halə Səhabini vuran mülki geyimli şəxsin ETTELAAT əməkdaşı olduğunu bildirirlər.

XS
SM
MD
LG