Accessibility links

İranlı islamşünas Rafiq Tağının qətlinə fitvanın qurana zidd olduğunu bildirib


İranlı islamşünas Rafiq Tağının qətlinə fitvanın qurana zidd olduğunu bildirib
İranlı islamşünas Rafiq Tağının qətlinə fitvanın qurana zidd olduğunu bildirib

Kədivər hesab edir ki, Rafiq Tağının qətlinə verilmiş fitva və oxşar fitvalar islama, “Quran”a və onun ruhuna zidd ekstremist hərəkətdir.

ABŞ-da mühacir olan iranlı dissident ruhani, məşhur islamşünas Möhsün Kədivər azərbaycanlı yazıçı Rafiq Tağının qətlinə fitva vermiş ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu axund Məhəmməd Cavad Lənkəraniyə məktub yazıb.

“Media forum” saytının məlumatına görə, Möhsün Kədivər məktubunda bildirib ki, Rafiq Tağının qətlə yetirilməsi üçün verilmiş fitva və digər oxşar fitvalar islama, “Quran”a və onun ruhuna zidd ekstremist hərəkətdir: “Bu fitvalar yalnız möminləri qanunu pozmağa təşviq edə bilər. Öz tənqidçilərini və müxaliflərini hər hansı ədalət mühakiməsi keçirmədən edama, terrora məhkum edən bir dinə necə inanmaq olar?”

Möhsün Kədivər vurğulayıb ki, kiminsə qanını halal elan etmək, qətlini vacib saymaq üçün hər hansı islam rəvayətinə istinad olunması mötəbər sayıla bilməz: “Lap əgər bu kimi rəvayətlərin mötəbər olmasını qəbul etsək də, fiqh alimlərinin əksəriyyəti bu kimi hökmlərin yalnız islam peyğəmbərinin və şiə imamlarının dövründə həyata keçirilə biləcəyini bildirirlər. Bu kimi fitvalar yalnız islamın zəiflədilməsinə, hərc-mərclik yaranmasına və qanunsuzluğa rəvac verə bilər.

İslam peyğəmbərini, islamı və “Quran”ı təhqir edən yalnız bu iki nəfər (Rafiq Tağı və Salman Rüşdi) deyil. Şübhəsiz ki, hər gün kitablarda və internetdə, xüsusən də farsdilli saytlarda dini inaclara və islama yönəlmiş təhqirlərdən xəbəriniz var. Onda belə bir sual ortaya çıxır ki, atanızın fitvası əsasında peyğəmbəri söydüklərinə görə həmin şəxslərin də qətli vacibdirmi? Belə olan halda atanızın fitvası əsasında möminlər insanları öldürməyi özlərinə bir peşə kimi seçməli, gündəlik terrorla məşğul olmalıdırlar.

Siz azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsindən sevindiyinizi bəyan etmisiniz. Lakin mən sizin əksinizə olaraq bu ədəbsiz Azərbaycan vətəndaşının qətlə yetirilməsinə sevinmirəm. Mən onun islam, şiəlik, ruhanilik və fitva adı ilə acınacaqlı və namərdcəsinə öldürülməsindən xəcalət çəkirəm”.

XS
SM
MD
LG