Accessibility links

İranın Azərbaycandakı səfirliyi qarşısında bir gündə iki etiraz aksiyası keçirilib


İranın Azərbaycandakı səfirliyi qarşısında bir gündə iki etiraz aksiyası keçirilib
İranın Azərbaycandakı səfirliyi qarşısında bir gündə iki etiraz aksiyası keçirilib

Piket iştirakçıları İranda yaşayan azərbaycanlıların dil, mədəni hüquqlarının bərpa edilməsi, İran-Ermənistan əməkdaşlığının əleyhinə plakatlar qaldırıb

Azərbaycan İran münasibətlərindəki problemlər artıq özünü ictimai etirazlar şəklində büruzə verməkdədir. Son günlər Azərbaycanda hicab problemi, Azərbaycan İslam partiyasının sədrinin antiiqtidar çıxışı, onun terrorçuluğa hazırlıq ittihamı ilə həbsi, Azərbaycanın Təhsil nazirliyi qarşısında dindarların kütləvi etirazları, İranın din xadimlərinin və media orqanlarının Azərbaycan əleyhinə çıxışları, İran Azərbaycanının mərkəzi Təbriz şəhərindəki Azərbaycan konsulluğunun qarşısında etiraz piketi və Bakıdakı İran səfirliyi qarşısında piketlər buna bir daha sübutdur. Müşahidəçilər qarşılıqlı aksiyaların bundan sonra da davam edəcəyini düşünür.

Bu gün də, İranın Bakıdakı səfirliyi qarşısında Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi və Bozqurd partiyasının fəalları iki piket keçirib. Hər iki piketdə təxminən eyni şüarlar səsləndirilib. Əvvəlki etiraz aksiyalarından fərqli olaraq, bu dəfə piketçilər səfirlik binasının qapısınadək irəliləyib, şüarlarını söyləyib, yalnız bundan sonra polis işə qarışıb və onları səfirlik binasından uzaqlaşdırıb. Bir neçə nəfər saxlanıb.

Etirazçılar aşağıdakı şüarları səsləndirib. “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!“, “Fars, rus, erməni, bunlar türkün düşməni!”, “İrəvan bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Haray, haray mən türkəm!”, “İran siyasətinə ar olsun!”, “İşğalçı Ermənistanla dostluq edən İran rejiminə ar olsun!”. İranda yaşayan azərbaycanlıların dil, mədəni hüquqlarının bərpa edilməsi, İran-Ermənistan əməkdaşlığı, Ermənistan və İran prezidentlərinin əleyhinə plakatlar qaldırılıb.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib ki, İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarını pozan İran hakimiyyəti Azərbaycan torpaqlarını işğal edən Ermənistana dəstək verir.

Təşkilatın fəalı Cümşüd Nuriyev İran islam rejimini kommunist rejiminə bənzədib. Onun fikrincə, prezident Əhmədinejad dini qaydalarla deyil, kommunist qaydaları ilə hərəkət edir.

Aksiyaların qətnamələri səfirlik tərəfindən qəbul edilməyib. Sənədlərdə deyilir ki, İran dövləti və rəhbərliyi Ermənistana göstərdiyi münasibətdən əl çəkib “Türk” və “İslam” dostu olduğunu göstərməlidir. “Biz İranın yüksək vəzifəli şəxslərinin Azərbaycan torpaqlarını işğal etmiş, minlərlə insanı qətlə yetirmiş, yüz minlərlə azərbaycanlını yurdundan sürgün etmiş Ermənistanla iş birliyindən əl çəkməsini tələb edirik. 30 milyondan artıq azərbaycanlının bütün milli hüquqlarına hörmətlə yanaşılmasını, ana dilində dərs almasını, öz milli-mənəvi dəyərlərini yaşatmasına şərait yaradılmasını tələb edirik”.

XS
SM
MD
LG