Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində mis mədəni faciəyə səbəb olub


Kür çayı
Kür çayı

İRNA-nın xəbərinə görə, mis mədənindəki hovuzun bəndinin dağılması nəticəsində misin yuyulması məqsədi ilə istifadə olunan hovuzdakı zəhərli sular Əhər çayına qarışıb. Araza birləşən çayın məcrasını dəyişmək üçün fəaliyyətlər davam edir

Şərqi Azərbaycanın Yaşayış və Ətraf-Mühit İdarəsinin rəhbəri Böyük Rəisi bu barədə İranın rəsmi xəbər agentliyi olan İRNA-ya məlumat verib.

Rəisi deyib ki, keçən bir neçə gün ərzində yağış və selin ardınca Vərziqan mahalının “Məzrə” kəndi yaxınlığında mis mədənindəki hovuzun bəndinin dağılması nəticəsində misin yuyulması məqsədi ilə istifadə olunan hovuzdakı zəhərli sular axaraq Əhər çayına qarışmağa başladı. Bu barədə xəbərin verilməsi zamanı artıq dağılan səddin suyunun 20 faizi Əhər çayına tökülüb.

Şərqi Azərbaycanın Yaşayış və Ətraf-Mühit İdarəsinin rəhbərinin dediklərinə görə, bunun nəticəsində çayın suyuna zəhərli maddələr qarışıb və bu vəziyyət çayın ətrafında olan kəndlər və əkin sahələrinə ciddi zərər vura bilər.

Cənab Rəisi əlavə edib ki, hələlik bölgəyə deyən zərərin miqyası müəyyən olmayıb. Şərqi Azərbaycanın Əhər şəhərinin mərkəzindən keçən çay yüzlərlə kəndi və geniş əkin sahələrini suyla təmin edir və Araz çayına birləşir.

Əhər çayının istiqaməti dəyişdirilməsə və ya qabağı alınmasa çirkli suların Araza və hətta Xəzər dənizinə qarışa biləcəyi təxmin olunur.

Yaşayış və Ətraf-Mühit İdarəsinin rəhbəri deyib ki, yağışlar nəticəsində çaydakı su miqdarının artması çayın suyuna qarışan zəhərli maddələrin nisbətinin daha az olması ilə nəticələnib.

İdarə rəhbərinin sözlərinə görə, hələlik Əhər çayı ətrafında ölü balıq görülməyib amma suda civə, arsenik, dəmir və mis kimi maddələr olduğu müəyyən edilib.

İRNA-nın xəbərində deyilir ki, çayın məcrasını dəyişmək üçün fəaliyyətlər davam edir. Xəbərdə hadisə nəticəsində xəstələnən və ya həyatını itirənlərin olub-olmaması barədə məlumat verilməyib.

Şərqi Azərbaycan vilayətinin Yaşayış və Ətraf-Mühit İdarəsi mis mədəninin sahibinin hadisə ilə əlaqədar təqsirkar olmasını elan edib. Sözügedən mis mədəni 1960 ildən fəaliyyətdədir.

XS
SM
MD
LG