Suriyanın Rəqqa şəhərinin İŞİD yaraqlılarından geri alınması əməliyyatları ön cəbhələrdə aparılmır. ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) şəhərin qədim hissəsini nəzarət altında saxlayır. Bu ərazi terror qrupunun de-fakto paytaxtının 4-də 1 hissəsini təşkil edir. Ələ keçirilən ərazilərin nəzarətdə saxlanması olduqca çətindir.
SDF və Azad Suriya Ordusu döyüşçülərinin əməliyyatlar qoşulması irəliləyişə imkan vermir. Lakin ən böyük maneə son aylar şəhər taktikasından istifadə edən İŞİD yaraqlılarıdır.
Rəqqa döyüşlərində onlar partlayıcı qurğular, snayperlər, tunnellər, və mülki əhalidən canlı qalxan kimi istifadə edib. İslam Dövləti yaraqlıları SDF döyüşçülərinə qarşı dronlardan belə istifadə edib.
Bu yaxınlarda Birləşmiş Ştatların dəstəklədiyi hərbi qüvvələri bir ay davam edən döyüşlərdən sonra İslam Dövləti qrupunun de-fakto paytaxtı olan Rəqqada Köhnə şəhər ətrafındakı divarı dağıda bilib.
ABŞ-ın başçılıq etdiyi koalisiyanın bəyanatında Suriya Demokratik qüvvələrinin İslam Dövləti qrupunun göstərdiyi ciddi müqavimətı qıra bildiyi və koalisiyanın hərbi təyyarələrinin şəhərin ətrafındakı Rafiqa divarında hərəsi 25 metr olan iki dəlik açdığı bildirilib.
Koalisiya qüvvələrinin sözçüsü general Rayan Dillon mülki vətəndaşların təhlükəsizliyinin qorunması üçün ordunun böyük səy göstərdiyini, son illər İslam Dövləti qrupu tərəfindən dağıdılan qədim abidələr və ibadətgahların da qorunduğunu bildirib.
Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, döyüşlərin ilk ayı 650- nəfərin ölümü sənədləşdirilib. Onların 224-ü mülki vətəndaşdır.
Londonda yerləşən qrup aralarında komandirlər də olmaqla, 311 İŞİD yaraqlısı və ABŞ-ın dəstəklədiyi "Fərat qəzəbi" qrupunun 106 döyüşçüsünün öldürüldüyünü bildirib.