Accessibility links

Jurnalistin ölümündə təqsirli bilinənlərin apellyasiya şikayətinə baxılır


Rasim Əliyev
Rasim Əliyev

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Qədim Babayev sədrlik edib. Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq olunmadan baxılmasına dair məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hakim digər dörd təqsirləndirilən şəxsin - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevin müdafiəçisi Şəmsəddin Quliyevin ötən məhkəmə iclasında qaldırdığı vəsatətlə bağlı qərarı açıqlayıb. Vəkil həmin vəsatətdə mərhum Rasim Əliyevin döyüləndən sonra 1 saylı Kliniki Tibbi Mərkəzdə rentgen müayinəsinin nəticələrinin alınıb işə əlavə olunmasını istəmişdi. Bu vəsatət təmin edilməyib.

Jurnalistin ailəsinin nümayəndəsi, vəkil Fariz Namazlı da ilkin baxış iclasının qərarından kassasiya şikayəti verəcəklərini məhkəmənin nəzərinə çatdırıb.

Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə proses Ali Məhkəmə kassasiya şikayətlərinə baxıb qərar çıxarana qədər təxirə salınıb.

ANN TV-nin əməkdaşı, RATİ-nin sədri Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbael rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG