Accessibility links

"Məmməd Əmin Rəsulzadə" adlı gəmi "Doric Warrior" gəmisi ilə toqquşub


Dünən, avqustun 13-də işadamı Mübariz Mənsimova məxsus "Məmməd Əmin Rəsulzadə" adlı gəminin Liberiya bayraqlı "Doric Warrior" gəmisi ilə toqquşduğu bildirilir.

Bu barədə M.Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub.

Hadisənin İstanbulun Ahırkapı bölgəsində meydana gəldiyi bildirilir.

"Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. "Rəsulzadə" gəmisinə çarpan gəmi ondan böyük olsa da, gəmimiz batmadı", - M.Mənsimov vurğulayıb.

"Palmali" şirkətinin yaydığı açıqlamada da yazılıb:

"Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib."

Hələlik, bu açıqlamaya "Doric Warrior" gəmisinin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

M.Məsimov ötən il rəhbərlik etdiyi şirkətə mənsub gəmilərdən birinə "Məmməd Əmin Rəsulzadə" adının verildiyini açıqlamışdı.

Məhəmməd Əmin Rəsulzadə 1918-1920-ci ildə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub. Azərbaycanın müxalif liderlərinin bildirməsinə görə, hazırda hakimiyyətdə M.Rəsulzadəyə qısqanclıq var və bu üzdən onun adı ölkədə yetərincə əbədiləşdirilməyib.

Onların vurğuladığına görə, M.Ə.Rəsulzadənin adı Bakı Dövlət Universitetindən götürülüb, bir sıra büstləri yığışdırılıb.

Hakimiyyət rəsmiləri isə M.Ə.Rəsulzadəyə qısqanclıq bəsləmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG