Accessibility links

Vəkil: Rauf Mirqədirov dərhal həbsdən azad edilməlidir


Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

Jurnalist Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb və hazırda o, qanunsuz olaraq həbsdə saxlanılır. Bu barədə vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb.

Vəkilin bəyanatında deyilir:

“Vəkil Elmar Süleymanovla birgə hüquqlarını müdafiə etdiyim tanınmış jurnalist Rauf Mirqədirov məlumdur ki, bu il aprelin 19-dan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Xatırladım ki, sonuncu məhkəmə qərarına əsasən onun həbs müddəti noyabrın 19-dək uzadılıb. Həbsdə saxlanma müddətinin uzadılmasına dair hər hansı yeni məhkəmə iclası keçirilməyib və qəraryoxdur.

Dünən Rauf Mirqədirovun həbs müddəti bitib Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci maddələrinə əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Rauf Mirqədirovu hələ dünən azad etməli idi.


Lakin R.Mirqədirov dünən azad edilməyib. Bununla bağlı olaraq bu gün biz Milli Təhlükəsizlik Nazirliyinə, onun İstintaq Təcridxanasına, Baş Prokurora, onun birinci müavininə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə Mirqədirovun azadlıq hüququnun təmin olunması ilə bağlı müraciətlər göndərdik. Saat 11- 12 arası bütün məktub və teleqramlar ünvanlarına çatdırılsa da, R.Mirqədirov həbsdən buraxılmayıb.


Bundan sonra biz, onun müdafiəçiləri saat 15.30 radələrində Milli Təhlükəsizlik Nazirliyinə gəldik, təxminən saat 16-da İstintaq Təcridxanasına daxil olduq və R.Mirqədirovun azad edilməsini tələb etdik. Əfsuslar olsun ki, Mirqədirov nəinki azad buraxılmadı, 2 saat gözləməyimizə baxmayaraq, bizimlə görüşə də gətirilmədi. Növbətçi bildirdi ki, guya o, həkim müayinəsindədir (2 saatdan artıq!?).


Biz, onun müdafiəçiləri hesab edirik ki, hüquq mühafizə orqanlarının bu hərəkətləri nəticəsində onsuz da barəsində əsassız ittiham elan edilmiş R.Mirqədirovun azadlıq və müdafiə hüquqları da ifrat kobud dərəcədə pozulur, bizim iştirakımız olmadan onunla keçirilə biləcək hər hansı prosessual və s. hərəkətləri qanunsuz sayırıq, Rauf Mirqədirovun dərhal azad edilməsini tələb edirik”, sənəddə qeyd edilir.

53 yaşlı Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

XS
SM
MD
LG