Accessibility links

ADR və D18 Hərəkatları konstitusiyaya dəyişikliklər layihəsini qəbul etmir


Azərbaycan konstitusiyası
Azərbaycan konstitusiyası

ADR və D18 Hərəkatları konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı Referendun Aktını qəbul etmir.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) bəyanatında deyilir ki, referunduma təqdim olunan təkliflər paketi hakimiyyət bölgüsünə, hakimiyyətin qolları arasında nəzarət funksiyalarına ziddir.

“Faktiki olaraq qeyri-məhdud səlahiyyətlərə malik prezidentin 7 il müddətinə seçilməsi siyasi rejimin ömrünün uzadılmasına və cəmiyyətin demokratikləşməsinə ciddi maneə törətməsinə, bunlarla yanaşı bir sıra təkliflərin mülkiyyət hüquqlarının, fərdi informasiyalara çıxış imkanlarının, birləşmək və kollektiv müraciət hüquqlarının məhdudlaşdırılmasına və bütövlükdə demokratik instututların fəaliyyət mühitinin pisləşməsinə gətirib çıxaracağı baxımından qəbul edilməzdir”, sənəddə qeyd edilir.

ADR hesab edir ki, ölkədə demokratiya sahəsində həll olunmamış problemlərin mövcud olduğu bir zamanda bu cür addımlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vuracaq.

“Azərbaycana qarşı növbəti təzyiqlər üçün imkan verəcəyini nəzərə alaraq hakimiyyəti belə antidemokratik və tələsik addımlardan çəkinməyə çağırırıq”, bəyanatda deyilir.

D18 Hərəkatı isə cəmiyyəti konstitusiyaya təklif edilən dəyişikliklərin qəbulunun qarşısını almağa çağırır.

"Hakimiyyət artıq kral üsul-idarəsi yaradır. Keçiriləcək referendum Cümhuriyyət dəyərlərinin məhv edilməsidir. Parlamentin funksiyası, mülkiyyət hüququ, prezidentlik idarəetməsinin sərtləşdirilməsi ölkəmizin gələcəyini sual altına qoyur”.

D18 Hərəkatı hesab edirik ki, hakimiyyətin atdığı addımların qarşısını almaq üçün müxalifət və ziyalılar bir arada birləşməlidir.

“Siyasi qurumlar fərdi şəkildə addım atacağı təqdirdə heç bir müsbət nəticə əldə edə bilməyəcək. Hakimiyyətin antikonstitusion addımına qarşı cəsarət göstərib etiraz edən hər bir şəxs bir çətir altında birləşib, xalqın qarşısına çıxmalıdır. Biz ölkəmizin bu ağır durumunda "kim yaxşı müxalifətdir?" və ya "yeganə müxalifət bizik" davasını aparıb bölücülük siyasətindən əl çəkməli, birləşib Cümhuriyyət dəyərlərini qorumalıyıq. Ölkəmizin bu anında birləşməyəcəyimiz təqdirdə nə tarix, nə də xalq bizi bağışlayacaq", sənəddə qeyd edilir.

XS
SM
MD
LG