Accessibility links

Müsavat Partiyası referendumun nəticələrinin ləğv edilməsini tələb edir


Müsavat Partiyası 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin (referendumun) nəticələrinin ləğv edilməsini tələb edir.

Bu barədə Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının referendumla bağlı ilkin rəyində deyilir.

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı hesab edir ki, ümumxalq səsverməsi (referendum) layihəsinin təşəbbüsçüləri təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, zəruriliyi barədə xalqa heç bir izahat verilmədən, rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına layihə təqdim edilmədən, azad siyasi rəqabət şəraitinin, bərabərhüquqlu təbliğat və müşahidə imkanlarının təmin edilmədiyi, azad və ədalətli ümumxalq səsverməsinin (referendumun) keçirilməsi üçün beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının olmadığı şəraitdə keçirilib.

Müsavat Patiyasının Mərkəzi Seçki Qərargahının qənaətinə görə, referendum ərəfəsində ölkədə seçkiqabağı demokratik şərait olmayıb.

Partiyanın rəyində deyilir:

- referenduma çıxarılan məsələlərin mahiyyəti və zəruriliyi barədə xalqa izahat verilməyib;

- referenduma çıxarılan Konstitusiyaya əlavələrin qəbul edilməsi qaydası Konstitusiya müddəalarının pozulması ilə həyata keçirilib;

- referendum ərəfəsində siyasi məhbusların sayı yüksək olub;

- müxalifətdə olan siyasi partiyaların və digər müxalifət təşkilatlarının normal fəaliyyətinə imkan verilməyib;

- ölkədə siyasi rəqabət şəraiti mövcud olmayıb;

- vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilməyib;

- demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb;

- Seçki Məcəlləsinin demokratikləşməsi istiqamətində AŞ PA-nın Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb;

- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri faktiki olaraq həlledici səs çoxluğuna malik olub;

- müxalifətyönlü təbliğat qruplarının yaradılmasının qarşısı qeyri-qanuni yollarla alınıb, tərəflərə bərabərhüquqlu təbliğat imkanları yaradılmayıb;

- səsvermə günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib.

"Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahına daxil olan çoxsaylı məlumatlar, seçki məntəqələrində olan müşahidəçilərin, seçicilərin hesablamaları tam əminliklə deməyə əsas verir ki, referendumda iştirak edən seçicilərin sayı saxtakarlıqlar və qanun pozuntuları hesabına dəfələrlə şişirdilib. Əslində referendumda iştirak edən seçicilərin ümumi sayı seçici siyahılarında olan seçicilərin 10-12 faizdən yuxarı olmayıb", sənəddə qeyd edilir.

XS
SM
MD
LG