Accessibility links

Keçmiş müdafiə naziri həbs edilib


Keçmiş müdafiə naziri Rəhim Qazıyev

Keçmiş müdafiə naziri Rəhim Qazıyev dekabrın 26-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib. Bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, qardaşının həbsi ilə bağlı ona polisdən məlumat veriblər.

Vəkil Zübeydə Sadıqova məhkəmə barədə ona hər hansı məlumat verilmədiyini bildirib.

Bununla yanaşı, keçmiş nazirin həbsi ilə bağlı Nərimanov rayon Məhkəməsindən məlumat almaq mümkün olmayıb.

Hüquq müdafiəçiləri təxmin edir ki, keçmiş nazir İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanun tələbinə tabe olmamaq) günahlandırılıb.

Rəhim Qazıyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda polis tərəfindən saxlanılıb.

Hüquq müdafiəçiləri Rəhim Qazıyevin saxlanılmasının onun Kanal 13 İnternet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyev və onun atası mərhun prezident Heydər Əliyevin ünvanına işlətdiyi kəskin tənqidlərdən bir gün sonraya təsadüf etdiyini bildirir.

Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə o, əfv fərmanı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG