Accessibility links

ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən regional forumda görüşüb. Bu görüş iki ölkə arasındakı gərginliyin artdığı bir vaxta təsadüf edir.

Lavrov ABŞ-ın dövlət katibi Rex Tillersonla danışıqlardan sonra bildirib ki, amerikalı həmkarlarının "bir sıra məsələlərlə bağlı dialoqu davam etdirmək istədiyini" hiss edir.

Görüş çox uzun çəkib.

Lavrovun dediyinə görə, ABŞ prezidenti Donald Trampın Ukrayna danışıqlarındakı xüsusi nümayəndəsi Kurt Volker tezliklə Moskvaya səfər edəcək.

Volker keçən ay bu vəzifəyə təyin edilib. Onun Moskvada Rusiyanın Ukrayna böhranı üzrə elçisi Vladislav Surkovla görüşəcəyi gözlənir.

Volker keçən ay Ukraynanın şərqinə səfər edib.

Lavrovun sözlərinə görə, bundan başqa tərəflər razılaşıb ki, ABŞ dövlət katibinin müavini Tomas Şannon ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında təmas bərpa edilsin.

Bu kanal ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirəndən sonra Kreml tərəfindən bağlanmışdı.

Görüş öncəsi kameralar qarşısında gülümsəsələr də, nə Lavrov, nə də Tillerson son sanksiyaların onların müzakirələrinə necə təsir edəcəyi barədə jurnalistlərin ucadan səsləndirdiyi suallara cavab verib.

ABŞ prezidenti Donald Tramp avqustun 3-də Twitter-də yazıb ki, Vaşinqtonun “Rusiya ilə münasibətləri indiyədək görünməyən ən təhlükəli həddə enib”.

Daha öncə Tramp Moskvaya qarşı yeni sanksiyaları imzalayıb. Rusiyanın baş naziri Dmitri Medvedev bununla ölkəsinə qarşı “genişmiqyaslı ticarət müharibəsinin başlandığını” bildirib.

XS
SM
MD
LG