Accessibility links

İlham Əliyev hökumətin yeni tərkibi ilə bağlı sərəncam imzalayıb


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanın Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Yaqub Eyyubov Baş nazirin birinci müavini, Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov Baş nazirin müavinləri, Ramil Usubov daxili işlər naziri, Pərviz Şahbazov energetika naziri, Fikrət Məmmədov ədliyyə naziri, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Heydərov fövqəladə hallar naziri, Elmar Məmmədyarov xarici işlər naziri, Şahin Mustafayev iqtisadiyyat naziri, İnam Kərimov kənd təsərrüfatı naziri, Samir Şərifov maliyyə naziri, Zakir Həsənov müdafiə naziri, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Prezident, həmçinin Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Elçin Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.

Bununla belə prezident hələ təhsil, səhiyyə, mədəniyyət, müdafiə sənayesi, gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlərini təyin etməyib. Eyni zamanda Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərini təyin etməyib.

Baş nazirin müavinləri İsmət Abbasov, Elçin Əfəndiyev, Abid Şərifov yeni hökumətin tərkibində təyinat almayıb. Bakı meri Hacıbala Abutalıbov, keçmiş qaçqınkomun sədri Əli Həsənov baş nazirin yeni müavini təyin edilib.

Kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrləri postuna yeni təyinatlar olub.

XS
SM
MD
LG