Azərbaycan Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycanda 10 gün deyil, 15 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.
Bu barədə “Viza blankının doldurulması Qaydası”, “Viza almaq üçün ərizə-anket” nümunəsi və “Azərbaycanna əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti” nümunəsi barədə qərarlara yeni dəyişikliklərdə deyilir. Dəyişiklikləri baş nazir Novruz Məmmədov imzalayıb.
Bundan sonra viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycanın müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.
Həmçinin Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiq edən sənəd tələb olunacaq. Tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur.