Accessibility links

Respublikaçılar Obamacare-in ləğvi istiqamətində mühüm addım atdılar


İllər boyu Demokrat prezident Barak Obamanın qəbul etdirdiyi səhiyyə islahatlarını tənqid edən Respublikaçılar Nümayənədlər Palatasında cüzi səs fərqi ilə "Obamacare" kimi tanınan səhiyyə planını əvəzləməyə səs veriblər.

217-213 nisbətində səslə Amerika Tibbi Xidmət Aktının yeniləşdirilmiş variantı aşağı palatada təsdiqini tapıb.

Qanun layihəsinin təsdiqi Respublikaçıların Obamacare-i əvəzləməsi yönümündə atıdlqarı ən mühüm addımdır. Lakin Senatda planı qeyri-müəyyən gələcək gözləyir.

Konqres Demokratları - Nensi Pelosi və Çak Şumer
Konqres Demokratları - Nensi Pelosi və Çak Şumer

Layihənin əleyhinə səs vermiş Demokratlar buna səs verən Respublikaçıların 2018-ci ildə Konqresdəki yerlərini itirəcəklərini deyiblər.

“Bu fəlakətli qanun layihəsi hamı tərəfindən pislənilir,” deyə Demokrat azlığın lideri Nensi Pelosi bəyan edib.

Demokratlar amerikalıları icbari tibbi sığorta ilə təmin edən qanunun ləğvini “Amerika xalqına yumruq”, “milyarderlərə hədiyyə” kimi qələmə verirlər.

Bu əla plandır. Hesab edirəm ki, bu, daha da yaxşılaşacaq. Bu, Obamacare-in ləğvi və əvəzlənməsidir. Heç şübhəniz olmasın.
Prezident Donald Tramp

Respublikaçılar isə Obamacare-i dövlət büdcəsinə ağır yük, vətəndaşların seçim imkanlarına zərbə və özəl bizneslərin çiçəklənməsinə maneə kimi qiymətləndirirlər.

Səsvermə zalında Respublikaçılar qanun layihəsinin qəbulunu hərarətlə alqışlayıblar.

“Çoxlarımız bu səsverməni 7 il gözləyib,” deyə Nümayəndələr Palatasının Respublikaçı spikeri Paul Ryan bəyan edib.

Ağ Evin Qızılgül Bağında düzənlənən mərasimdə Prezident Donald Tramp Nümayəndələr Palatasının qəbul etdiyi qanunun Senatda təsdiq olunacağına əminliyini ifadə edib.

O, planın yuxarı palataya çatmazdan öncə bir qədər də təkmilləşdiriləcəyini bildirib.

“Bu əla plandır. Hesab edirəm ki, bu, daha da yaxşılaşacaq. Bu, Obamacare-in ləğvi və əvəzlənməsidir. Heç şübhəniz olmasın."

Prezident Tramp Respublikaçı qanunvericilərlə birgə qanunun ilkin qəbulunu qeyd edir.
Prezident Tramp Respublikaçı qanunvericilərlə birgə qanunun ilkin qəbulunu qeyd edir.

Qanun layihəsinin qəbul edilməsinə görə spiker Paul Ryana təşəkkür edən Tramp Amerikada tibbi sığorta qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırıb.

“Fikrimcə, sizin ödədəyiniz qiymətlər düşməyə başlayacaq,” o bildirib.

Qəbul edilmiş qanun layihəsi Obama qanununda sığortası olmayan adamlar üçün təsbit edilən cərimələri ləğv edəcək və subsidiyaları vergi kreditləri ilə əvəzləyəcək. Habelə sığorta bazarının ştat sərhədlərini daha sərbəst adlaması nəzərdə tutulur. Qanun layihəsi həmçinin Planned Parenthood kimi abort qurumlarına verilən federal ödənişlərə son qoyacaq.

XS
SM
MD
LG