Accessibility links

Rəsul Cəfərovun həbsi kəskin tənqidlər doğurub


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)
Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6,5 il azadlıqdan məhrum edilməsi yerli və beynəlxalq ictimaiyyətin geniş tənqidləri qarşılanıb.

2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və saxtakarlıqda ittiham olunub.

Yerli və beynəlxalq ictimaiyyət Rəsul Cəfərova qarşı ittihamların saxta olduğu, onun hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğu qənaətindədir.

Amnesty İnternational təşkilatı Rəsul Cəfərovun “vicdan məhbusu” kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmdən narahatlıqlarını bildirib.

“Biz mart ayında vəziyyətin monitorinqi çərçivəsində Azərbaycana səfərimiz zamanı Rəsul Cəfərovla görüşdük. O, məhkəməyə qədər həbs altında idi. R.Cəfərov ona qarşı ittihamların siyasi motivli olduğunu bildirdi. Hüquq müdafiəçisinin bu qədər uzun müddətə məhkum edilməsi rəhbərlik etdiyi QHT-nin xərcləri ilə bağlı irəli sürülən ittihamlara adekvat deyil”, AŞPA-nın saytında yayılan məlumatda deyilir.

Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, hakimiyyət R.Cəfərovun apellyasiya şikayətinə baxılması zamanı Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq ədalətin, tərəflərin bərabərliyinin, təqsirsizlik prezumpsiyasına hörmətin təminatı üçün addımlar atacaq.

Həmçinin məlumatda qeyd olunur ki, R.Cəfərovun məhkəməyə qədərki həbsə dair şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılır və Avropa Şurası insan hüquqları komissarı üçüncü tərəf kimi bu prosesə müdaxilə etmək hüququndan istifadə edib.

Qeyd edək ki, bu, ötən ilin yayında və payızında tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin həbsindən sonra AŞPA həmsədrlərinin Azərbaycan vətəndaş cəmiyyəti fəallarının təqib olunmasını və həbsini açıq şəkildə pisləməsi ilə bağlı ilk haldır.

P.Aqramunt Azərbaycanda siyasi məhbuslar məsələsi də daxil olmaqla, insan hüquqları məsələsi üzrə məruzəçi olsa da, bu missiya çərçivəsində bir dəfə də olsun Azərbaycana gəlməyib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi isə öz mətbuat katibinin adından bəyanatla çıxış edərək hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsini pisləyib.

“Böyük Britaniya vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə kimi mübahisəli ittihamlarla altı il yarım müddətinə azadlıqdan məhrum edilmiş Rəsul Cəfərovun barəsində hökmdən çox narahatdır.

Vətəndaş cəmiyyətinin hörmətli üzvü, cənab Cəfərov Azərbaycanda mühüm hüquq-müdafiəçilərindən biridir.

Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa və bu mənfi tendensiyaya son qoymağa çağırır”,bəyanatda deyilir.

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında bildirilir ki, yerli və beynəlxalq demokratik ictimaiyyətin etirazlarına baxmayaraq, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları davam etdirir. Fəallar təqiblərə, uydurma ittihamlarla həbslərə məruz qalır, onlara fantastik cəza müddətləri təyin edilir.

Əsasən bu, Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış və parlaq nümayəndəsi Rəsul Cəfərovun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdə özünü göstərir. İttiham tərəfi digər tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin də 10 il müddətinə mühakimə olunmasını istəyir. Halbuki, məhkəmə ona qarşı irəli sürülən vergidən yayınma, sui-istifadə, qanunsuz sahibkarlıq kimi absurd ittihamları sübuta yetirə bilməyib.

Hakimiyyət yalnız fəalların həbsi ilə kifayətlənmir, onlara həbsxanada da rahatlıq vermir. Belə ki, jurnalist Araz Quliyevin (dini xeber.44.com saytının baş redaktoru-red) cəza şəraiti sərtləşdirilib və o, qapalı həbsxanaya göndərilib. A.Quliyevlə birlikdə etiraz edən digər məhbusların da aqibəti eynidir.

“Vicdan məhbusu” Tale Bağırzadə uydurma ittihamla Qobustan qapalı həbsxanasına köçürülüb. AXCP fəalları Saqif Qurbanov, Türkel Azərtürk və Ruslan Nəsirli 5 aprel mitinqindən sonra inzibati həbslərə məruz qalıblar.

“Yuxarıda deyilənlər göstərir ki, beynəlxalq təcrid kursunu götürən və öz dayaqlarını itirən Əliyev rejimi artan sosial-iqtisadi narazılıq şəraitində öz kürsüsünü qorumaq üçün repressiyalara əl atır”,bəyanatda vurğulanır.

DQMŞ Azərbaycan xalqının ləyaqətli həyat şəraitinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, “siyasi məhbuslarsız Azərbaycan” ideyasının gerçəkləşməsi üçün mübarizəni davam etdirəcək.

DQMŞ hakimiyyətdən repressiyalara son qoyulmasını, bütün siyasi məhbusların azadlığa buraxılmasını bir daha tələb edib.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə hüququn aliliyinin tam təmin olunduğunu, azad, ədalətli məhkəmə sistemi qurulduğunu, mətbuat azadlığının təmin olunduğunu bildirir. Rəsmi Bakı ölkədə siyasi və vicdan məhbuslarının olması ilə bağlı iddiaları qəti qəbul etmir. “Azərbaycanda siyasi məhbus yoxdur”, prezident İlham Əliyev dəfələrlə bildirib.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 27-100 arasında siyasi məhbusun olduğunu təsdiq edir.

Amnesty İnternational (Beynəlxalq Əfv) Təşkilatı Azərbaycanda hazırd həbsdə olan 30-dan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG