“Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf aprelin 16-da bildirib.
“İnsan Haqları Klubunun təsisçisi və sədri olan Cəfərovun ötən ilin avqustunda həbsi insan haqları fəallarına geniş təzyiqlərin bir hissəsi idi. Onun məhkum edilməsi Azərbaycanda demokratik inkişafda bir daha geriləməni göstərir. Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaşlarının hüquqlarına hörmət göstərməyə çağırırıq. İlk addım kimi cənab Cəfərovu və fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Bu, ölkənin uzun müddətli sabitliyini və ikitərəfli münasibətimizi gücləndirər”, deyə Marie Harf bildirib.
Rəsul Cəfərov aprelin 16-da qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, pul mənimsəməkdə və saxtakarlıqda təqsirli bilinərək 6 il 6 ay həbs cəzası alıb.
Özü isə bu ittihamları siyasi sifariş sayır.
Öz növbəsində, rəsmi Bakı Dövlət Departamentinin bəyanatını qəbul etmir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur.
Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub. Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərə tam şəkildə əməl edilir.
Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib.
Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir.
ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır.
Beynəlxalq öhdəlikərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir.
İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı”, Haqcıyev qeyd edib.