Accessibility links

Reuters: İsraillə HƏMAS 30 günlük atəşkəs barədə razılıq əldə edib


İsrail ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qrup kimi tanınan HƏMAS qruplaşması fələstinli məhbuslar və Qəzza zolağında qalan israilli girovların azad edilməsi müqabilində 30 günlük atəşkəsi şərti olaraq təsdiqləyib. Bu barədə məlumatı Reuters xəbər agentliyi mənbələrə istinadən yayıb.

Eyni zamanda, atəşkəs hələ də hərbi əməliyyatların tam dayandırılması şərtlərlə bağlı fikir ayrılıqlarına görə yubanır. Lakin agentliyin həmsöhbətləri hər an razılığa gəlinə biləcəyinə inanır.

Misir təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, HƏMAS müvəqqəti atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıqdan əvvəl növbəti daimi atəşkəs üçün zəmanət tələb edir.

İsrail və vasitəçilər - ABŞ, Misir və Qətər müxtəlif kateqoriyalardan olan girovların tədricən mübadiləsi şərtlərini müzakirə edərək, mərhələli danışıqlar aparmağa çalışır.

Axios mənbələri xəbər verir ki, xüsusən də yeni atəşkəsin ilk mərhələsində İsrail tərəf HƏMAS-a qadınları, 60 yaşdan yuxarı kişiləri, eləcə də vəziyyəti ağır olan girovları azad etməyi təklif edib.

Sonrakı mərhələlərdə İsrail qadın əsgərlərin, hərbi xidmətdə olmayan 60 yaşına çatmamış kişilərin, daha sonra isə İsrail ordusundan olan kişilər və ölən girovların cəsədlərinin geri qaytarılmasını planlaşdırır.

Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusları HƏMAS-a təhvil verməlidir. Cihadçılar daha əvvəl ötən il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edənlərin də ekstradisiya edilməsində israr edirdi.

Reuters-in yazdığına görə, HƏMAS əsir götürdüyü İsrail əsgərlərini saxlamaqda davam etsə belə, mülki girovların azad edilməsindən sonra İsrailin döyüşləri bərpa edəcəyindən qorxur.

HƏMAS nümayəndələrindən birinin dediyinə görə, İsrail müharibəni qruplaşmanın Siyasi Büro rəhbəri Yəhya Sinvar da daxil olmaqla, 6 yüksək rütbəli liderini Qəzza zolağından çıxaracağı təqdirdə dayandırmağı təklif edib. Agentliyin mənbəsi bildirib ki, HƏMAS bu təklifi qəti şəkildə rədd edib.

İsrail Reuters-in xəbərini rəsmən təsdiqləməyib. Bir sıra agentlik mənbələri iddia edir ki, israillilər HƏMAS-ı məhv etmədən müharibəni bitirməyi müzakirə etməkdən imtina edib.

Forum

XS
SM
MD
LG