Accessibility links

ABŞ və Türkiyə Texas qubernatoru Rik Perrinin açıqlamalarına reaksiya verib


ABŞ və Türkiyə Texas qubernatoru Rik Perrinin açıqlamalarına reaksiya verib
ABŞ və Türkiyə Texas qubernatoru Rik Perrinin açıqlamalarına reaksiya verib

Dövlət Departamentinin sözçüsü ABŞ hökumətinin Rik Perrinin açıqlamalarını heç bir şəkildə dəstəkləmədiyini bildirib

ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmüş Texas ştatının qubernatoru Rik Perrinin Türkiyə ilə bağlı açıqlamalarına reaksiyalar davam edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner qubernator Perrinin açıqlamalarını rədd edərək, Birləşmiş Ştatlar administrasiyasının Türkiyə ilə bağlı mövqeyini şərh edib. “Türkiyə NATO-nun uzun zamandır üzvüdür, Türkiyə alyansın ən səbatlı üzvlərindən biri və Birləşmiş Ştatların ən güclü müttəfiqlərindən biridir”-deyən Mark Toner ABŞ-ın Türkiyəyə dəstəyini ifadə edib. Dövlət Departamentinin sözçüsü ABŞ hökumətinin Rik Perrinin açıqlamalarını heç bir şəkildə dəstəkləmədiyini bildirib.

Türkiyə Xarici İşlər nazirliyi və Türkiyə Cumhuriyyətinin ABŞ-dakı səfiri Namik Tan Texas qubernatorunun açıqlamaları ilə bağlı bəyanatla çıxış edib. Türkiyə Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda ABŞ prezident seçkisinə namizəd olaraq qatılan siyasətçilərdən beynəlxalq məsələlərdə daha dərin biliklər nümayiş etdirmək kimi gözləntilərin olduğu qeyd edilir.

Rik Perrinin açıqlamalarını qınayan Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan ABŞ-ın ən böyük ştatlarından birinin qubernatorunun Türkiyə haqqında əsassız ifadələr işlətməsini qəbuledilməz adlandırıb. Səfir Tan Türkiyənin on illərdir ABŞ-ın etibarlı bir müttəfiqi olduğunu vurğulayıb. Amerikanın yardımına gəldikdə, səfir Tan Türkiyəyə böyük məbləğdə yardımın ayrılmadığını qeyd edərək, Türkiyə ilə ABŞ, xüsusilə də Texas ştatı arasında ticari əlaqələrin gücləndiyi və genişləndiyinə diqqəti çəkib. “İkitərəfli münasibətlərimiz, demokratik dəyərlər, insan hüquqlarına və qanunlara hörmət üzərində qurulmuşdur "-deyə Türkiyə səfiri öz açıqlamasında bildirib.

Amerikadakı Türk təşkilatlarının assosiasiyası olan ATAA da Texas qubernatorunun açıqlamalarını kəskin qınayan bəyanatla çıxış edib.

Bazar ertəsi günü Cənubi Karolina ştatında Respublikaçıların prezident seçki kampaniyası çərçivəsində Fox tele-şirkətinin keçirdiyi debatlar zamanı Texas ştatının qubernatoru ABŞ-ın Türkiyə ilə bağlı siyasətinə dair sualı cavablandıraraq, Türkiyə haqda kəskin tənqidi ifadələr işlədib və ölkənin NATO-da üzvlükdən çıxarılmalı olduğuna işarə edib. Texas qubernatoru Türkiyənin “islamçı terrorçular” tərəfindən idarə edildiyini və ABŞ-ın Türkiyəyə yardımı kəsməli olduğunu deyib. O, 1970-ci illərdə Türkiyədə ABŞ-ın hərbi hava bazasında xidmətini xatırladaraq, o zamandan ölkənin dəyişdiyini qeyd edib. Rik Perri ABŞ-ın gözləntilərinə cavab verməyən ölkələrə yardımını kəsməli olduğunu bildirirərək, Türkiyəni Suriya və İran kimi ölkələrlə bir sırada göstərib.

CNN tele-kanalında açıqlamalarını dəyərləndirən Rik Perri dediklərini müdafiə edərək, Amerikanın Türkiyəyə yardımını kəsməli olduğu fikrini bir daha təkrar edib. Texas qubernatoru fikrini belə əsaslandırıb:”Amerikalılar namus cinayətlərinə imkan verildiyi bir ölkəyə xarici yardımın ayrılmasını istəmir.” CNN-nin aparıcısı Volf Blitser Rik Perridən Türkiyə liderlərini həqiqətən də “islamçı terrorçular” hesab edib-etmədiyini soruşduqda o, yenə də namus cinayətlərinə toxunaraq cavab verib ki, “öz vətəndaşları ilə belə rəftar edirlərsə, bu səciyyəyə yaxındırlar”.

ABŞ-ın media nümayəndələri Texas qubernatorunun Birləşmiş Ştatların yaxın müttəfiqi olan Türkiyə ilə bağlı son açıqlamalarına münasibət bildirərək, Amerika siyasətçilərinin xarici siyasət sahəsində biliklərə malik olmasının əhəmiyyətini vurğulayır. Birləşmiş Ştatların aparıcı qəzetlərində Texas qubernatorunun açıqlamaları, Türkiyə və ABŞ hökumətlərinin buna reaksiyaları haqda məqalələr dərc edilib.

Cənubi Karolina ştatında yanvarın 21-də ilkin seçkiyə hazırlaşan Respublikaçı namizədlər seçicilərin dəstəyini qazanmaq uğrunda mübarizə aparır. Rəy sorğularına görə, Texas qubernatoru Rik Perri Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni və keçmiş spiker Nyüt Ginqriçdən sonra üçüncü yerdə gəlir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG