Accessibility links

Rəşid Hacılı: Avropa Məhkəməsinin qərarı ölkədəki məhkəmə sisteminə və qanunvericiliyə müsbət təsir edə bilər


Rəşid Hacılı: Avropa Məhkəməsinin qərarı ölkədəki məhkəmə sisteminə və qanunvericiliyə müsbət təsir edə bilər
Rəşid Hacılı: Avropa Məhkəməsinin qərarı ölkədəki məhkəmə sisteminə və qanunvericiliyə müsbət təsir edə bilər

2007-ci ilin mayında bir qrup jurnalistin piket keçirmək cəhdinin qarşısı alınıb. 8 jurnalist toplaşmaq azadlığının pozulması ilə bağlı Azərbaycan məhkəmələrinə şikayət verib. Azərbaycan məhkəmələri jurnalistlərin iddiasını təmin etməyib və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Hazırda Avropa Məhkəməsi işin kommunikasıyasını başa çatdırıb.

2007-ci ilin mayında bir qrup jurnalistin piket keçirmək cəhdinin qarşısı alınıb. 8 jurnalist toplaşmaq azadlığının pozulması ilə bağlı Azərbaycan məhkəmələrinə şikayət verib. Azərbaycan məhkəmələri jurnalistlərin iddiasını təmin etməyib və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Hazırda Avropa Məhkəməsi işin kommunikasıyasını başa çatdırıb.Vəkil yerli mediada dərc olunan hökumətin dostcasına təklifi ilə bağlı məlumatı da təsdiq edib. Belə ki, jurnalistlərin hüquqlarını Avropa Məhkəməsində müdafiə edən vəkil Rəşid Hacılı Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, məhkəmə Azərbaycan hökumətinə “dostcasına barışıq” təklifi verib. Hökumət isə jurnalistlərin şikayətini geri götürməsi müqabilində məhkəmənin kəsəcəyi kompensasiyanı ödəməyə hazır olduğunu bildirib.

Sual: Jurnalistlər “dostcasına barışıq” təklifi ilə razıdırmı?

Cavab: Mən, vəkil olaraq jurnalistlərin hər birinə məlumat vermişəm və hökumətin təklifini də onlara göndərmişəm. Onlar həm ayrılıqda qərarlarını dəqiqləşdirməlidir, həm də birgə müzakirə aparıb qərar verməlidirlər.

Sual: Hökumət nə təklif edir? Şikayət edən jurnalistlər kimlərdir?

Cavab: Şikayət edənlər, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Azadlıq qəzetinin redaktoru Qənimət Zahid, jurnalist Şahvələd Çobanoğlu, Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu, bu qəzetin müxbirləri Azər Ayxan, Zabil Müqabiloğlu, Elşad Məmmədli və Etibar Seyidağadır.

Bizim tələbimiz hər bir zərərçəkən üçün 5 min avro müəyyən olunmuşdu və əlavə xərclərin ödənilməsi də əksini tapmışdı. Hökumət mənəvi kompensasiyanın hamısını ödəməyi təklif edib, amma məhkəmə və hüquq xərclərini ödəməyi təklif etməyib.

Sual: Hökumətlə jurnalistlər arasında fikir ayrılığı olarsa, Avropa Məhkəməsi qərar qəbul edəcəkmi?

Cavab: Ərizəçilər hökumətin təklifini qəbul etməsə, yəqin ki, Avropa Məhkəməsi işə baxılmasını davam etdirəcək. Düzdür, “dostcasına təklif”i niyə qəbul etmədiyini əsaslandırmaq lazımdır. Əsaslandırma arqumentli olmalıdır. Məhkəmə əsaslandırmanı arqumentsiz hesab edərsə, qərarın çıxarılmasını dayandıra da bilər. Ərizəni siyahıdan çıxarıb hökumətin təklifi ilə razılaşmanı şikayətçilərin diqqətinə çatdıra bilər.

Sual: Media şikayətçi jurnalistlər arasında fikri ayrılığı olduğunu yazır. Ərizəçilərin bir neçəsi hökumətin təklifinin qəbul edilməsini istəyir, digər jurnalistlər isə hökumətin toplaşmaq azadlığını təmin etmədiyi üçün “dostcasına təklifi” qəbul etmir. Onlar ölkədə presedent hüququ yaranması üçün Avropa Məhkəməsinin qərar qəbul etməsini istəyir. Siz necə hesab edirsiniz?

Cavab: “Dostcasına təklif”lə bağlı müzakirələrin mediada müzakirə olunması konfidensiallıqla uyğun gəlmir. Digər tərəfdən, zərərçəkən jurnalistlər məsələni ictimai müzakirəyə çıxarırsa, bu da onların hüququdur. Mən hələ ki, heç kimin son qərarını almamışam.

Sual: Avropa Məhkəməsi toplaşmaq hüququnun pozulması ilə bağlı qərar qəbul edərsə, bu Azərbaycan məhkəmələri üçün presedent ola bilərmi?

Cavab: Hökumət kommunikasiya mərhələsində toplaşmaq azadlığının pozulması ilə bağlı iddianı tanımayıb. Məhkəmə toplaşmaq azadlığının pozulması ilə bağlı qərar qəbul edərsə, bu həmin azadlıqla bağlı Azərbaycan barədə ilk qərar olacaq. Artıq, belə bir potensial var. Jurnalistlərin dinc aksiyasının qarşısının alınması, çoxsaylı polis qüvvələrindən istifadə edilməsi faktları toplaşmaq azadlığı ilə bağlı çox ciddi pozuntudur. Qərar qəbul olunarsa, bu, həm toplaşmaq azadlığı ilə bağlı məsələyə Avropa Məhkəməsinin verdiyi qiymət, həm də Azərbaycan məhkəmələrinin gələcəkdə, bu cür həssas məsələlərə necə qiymət verməsi ilə bağlı bir nümunə olacaq. Bu, həm də söz azadlığının və ədalətli mühakimə hüququnun pozuntusudur. Hər iki məsələ ilə bağlı Avropa Məhkəməsinin qərarı ölkədəki məhkəmə sisteminə və qanunvericiliyə müsbət təsir edə bilər.

XS
SM
MD
LG