Amerika Birləşmiş Ştatları mümkün ola biləcək ən güclü, ən demokratik, ən inkişaf etmiş və müstəqil Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin iki ölkə arasında güclü və müsbət münasibət qurmaq işimizə də sadiq qalırıq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika səfirliyinin Facebook səhifəsində yazıb.
O hesab edir ki, yuxarıda sadaladığı fikirləri həyata keçirmək üçün hər kəs ünsiyyətin iştirakçısına çevrilməlidir. “Ümid edirəm ki, bizi Facebook və Twitter-də izləməklə bu ünsiyyətdə iştirak edəcəksiniz”, səfir qeyd edir.
Cənab Sekuta həmçinin insanların 10-14 mart tarixlərində ölkə ərazisində keçiriləcək Amerika Həftəsi çərçivəsində baş tutacaq bir sıra maraqlı tədbirlərdə iştirak edəcəyinə ümid edir.
Səfir eyni zamanda Azərbaycana gələcəyi ilə bağlı salamlama nitqində ölkədə hansı məkanlara getməsi ilə bağlı müraciətinə çoxsaylı cavab aldığını qeyd edir. Osəsvermənin qalibini elan edir
“Mənim salamlama videomda verilən üç seçimdən sizin 70%-iniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm.
Həmçinin digər rəy və təkliflərinizə görə sizə öz təşəkkürümü bildirmək istərdim. Sizin fikirləriniz göstərdi ki, üzərində işləməli olduğumuz çox sayda mühüm məsələ var. Azərbaycanın fərqli yerlərindən ictimaiyyətin fərqli dairələrini təmsil edən insanlarla bu məsələlərin bir çoxunu müzakirə etməyə başlamışam və davam etmək ümidindəyəm”, o bildirib.